Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) əməkdaşları və 15 müxtəlif ölkədən olan, Türkiyədə təhsil alan 26 tələbə Naxçıvana səfər edib.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair eksponatlarla tanışlıq olub.
Türkiyə Radio və Televiziya Ali Şurasının sədr müavini Orhan Karadaş AZƏRTAC-a açıqlamasında deyib: “Bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümüdür. Həmçinin bir neçə gündən sonra Cümhuriyyətimizin 101-ci ildönümü qeyd olunacaq. Bu səfərimiz zamanı iki bayramı, əlamətdar günləri burada birgə qeyd edəcəyik. Həmçinin sabah Naxçıvan Dövlət Universitetində beynəlxalq seminar keçiriləcək. Əsas məqsəd türk tarixini, mədəniyyətini tələbələrə daha dərindən öyrətmək, eyni zamanda, dostluq əlaqələrimizin inkişafına töhfə verməkdir”.