Bu gün yaddaşımız Zəngilanın tarixini vərəqləyir, orada yaşanan günləri xatırlayır. Otuz il öncə uşaq yaddaşımızın ən dərin qatlarında Zəngilanın dağıdılmış evləri, uçurulmuş divarları iz salmışdı. Böyük Qələbədən sonra Zəngilandakı evimizin uçmuş divarının rəsmini gördüm. Bu, məni çox kədərləndirdi. Bu gün isə daxilimdə bir qürur, sevinc hissi var. Çünki dağıdılmış rayonumuzun, kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası həyata keçirilir.
Bu fikirləri əslən Zəngilandan olan AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı dosent Təranə Şükürlü söyləyib. “Otuz il ərzində dövlət kimi güclənmişik, hərbi gücümüz ildən-ilə artır. Zəngilan azad olanda xalqın sevinc göz yaşları Zəngilanın neçə illik həsrətini yuyub təmizlədi. İndi Zəngilan həsrəti Zəngilan sevincinə qovuşur. Artıq gözlərimiz önündə qədimliyi və müasirliyi özündə cəmləşdirən Zəngilan canlanır”, - deyə o əlavə edib.
Alim qeyd edib ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Zəngilan şəhərinin yaşıllıqlara qərq olmuş məkan kimi planlaşdırılmasına imkan verib. “Ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Zəngilan həm də yaşıl enerji zonası hesab olunur. Bu gün Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Sərəncamı bunun bariz nümunəsidir. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun yaşıl zonaya çevrilməsinə şərait yaradacaq.
“İqtisadi inkişafın başlıca şərtlərindən biri də yol infrastrukturunun yaradılmasıdır. Zəngilan rayonunda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçirilən quruculuq işlərinin əsas tərkib hissəsidir.
Rayonda ermənilər tərəfindən dağıdılmış məscidlərin, tarixi və dini abidələrin yenidən qurulmasına xüsusi diqqət yetirilir.
Zəngilanda yaşayış məntəqələrinin istifadəyə verilməsi sakinlərin rahatlığına xidmət edir. Bu ekoməkan özünün yeni inkişaf mərhələsinə başlayır. Otuzillik əsarətdən qurtularaq canlanır, real həyata qayıdır”, - deyə T.Şükürlü fikrini yekunlaşdırıb.