ABŞ və Kanada donanmalarının Tayvan boğazından keçməsi regionda sülh və sabitliyi pozur.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikası Ordusunun Şərq Komandanlığının rəsmi nümayəndəsi Li Si bu barədə “WeChat” platformasında yazıb.
“ABŞ və Kanadanın hərəkətləri Tayvan boğazında xaos yaradır, sülh və sabitliyi pozur”, - deyə Li Si bildirib. Onun sözlərinə görə, Çin Silahlı Qüvvələri ABŞ və Kanada gəmilərinin keçidinə nəzarət etmək üçün qanun və qaydalara uyğun olaraq bölgəyə hərbi gəmi və təyyarələr göndərib.
Oktyabrın 20-də ABŞ-ın “USS Higgins” esminesi və Kanadanın “Vancouver” patrul gəmisi Tayvan boğazını keçib.
Tayvan ətrafında vəziyyət 2022-ci il avqustun əvvəlində ABŞ Nümayəndələr Palatasının ozamankı spikeri Nensi Pelosinin adaya səfərindən sonra xeyli gərginləşib. Çin bu addımı ABŞ-ın Tayvan separatizminə dəstəyi kimi qiymətləndirib.
Qeyd edək ki, Çinlə Tayvan arasında rəsmi əlaqələr 1949-cu ildə Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin başçılıq etdiyi Qomindan qüvvələrinin Tayvana sığınmasından sonra kəsilib.