Konstitusiya Məhkəməsinin Plenumunun növbəti iclası keçirilib

post-img

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən  bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının, Sumqayıt Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib.

Qərarda deyilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi mülki məhkəmə icraatının xüsusiyyətlərindən irəli gələrək məhz mülki icraat zamanı icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması halını müəyyən edir.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I və III hissələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, cinayət mühakimə icraatı zamanı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və ya digər qərarının mülki iddiaya aid hissəsindən kassasiya şikayətinin verildiyi halda onun icrasının dayandırılması məsələsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Sosial həyat