Son on ildə biz iqlim maliyyəsində real irəliləyiş gördük. Keçən il dünyada iqlimlə bağlı tədbirlərə bir trilyon ABŞ dollarından çox sərmayə qoyulub. Bu, on il əvvəl ilə müqayisədə bir neçə yüz milyard artım deməkdir. OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı - red.) məlumatına görə, inkişaf etmiş ölkələr 2022-ci ildə inkişaf etməkdə olan ölkələr üçün 100 milyard dollardan çox iqlim maliyyəsi ayırıb.
Bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Brukinq İnstitutunun Qlobal İqtisadiyyat və İnkişaf Proqramının onlayn tədbirində çıxışı zamanı deyib.
İcraçı direktor əlavə edib: “Hazırda təmiz enerjiyə çıxışı olanlarla olmayanlar arasında uçurumun olduğu bir dünyada yaşaya bilmərik. Qeyri-bərabər qlobal transformasiya ilə hamı tezliklə zərər görəcək. Çünki iqlim böhranının bütün ölkələrin, o cümlədən ən böyük dövlətlərin iqtisadiyyatlarına dağıdıcı təsirinin qarşısının alınması o halda mümkün ola bilər ki, hər bir ölkənin istixana qazı emissiyalarını azaltmaq və iqlimə dayanıqlığı artırmaq imkanları olsun”.
Stilin sözlərinə görə, bu məqsədlər üçün daha trilyonlarla dollar vəsait tələb olunur. O qeyd edib: “Bu, qlobal iqtisadiyyatın qorunması üçün mühüm sərmayə olacaq. Həmin investisiya hər bir ölkənin ödəyəcəyi xərclərin yalnız kiçik bir hissəsini təşkil edəcək. İqlim böhranının davam etməsinə icazə versək, hər il daha çox insan həyatını itirəcək və dolanışıq mənbələri tükənəcək”.