TAİB "Gənclərin inkişafında vətəndaş cəmiyyətinin rolu” adlı dəyirmi masa keçirdi

post-img

Bu gün Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in mərkəzi ofisində “Nəsillərarası dialoq: Gənclərin inkişafında vətəndaş cəmiyyətinin rolu” adlı dəyirmi masa keçirilib. Tədbirdə TAİB-in İdarə Heyəti və Gənclər Təşkilatının üzvləri, QHT sədrləri, ziyalılar iştirak ediblər.Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan TAİB-in sədr müavini Eyvaz Hümbətov qonaqları salamlayaraq bildirib ki, gənclərin inkişafı, təhsili və tərbiyəsi bütün cəmiyyətin sağlam gələcəyi baxımından böyük önəm kəsb edir. Bu baxımdan da gənc nəslin təhsilli, vətənpərvər ruhda böyüməsində vətəndaş cəmiyyətlərinin üzərinə böyük məsuliyyət düşür.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, TAİB hər zaman dövlətin apardığı siyasətə dəstək verməklə gənclərlə bağlı maarifləndirici tədbirlərin keçirilməsinə, onların düzgün yolda addımlamasına öz töhfələrini verir. Bunun nəticəsidir ki, birliyin tərkibində Gənclər Təşkilatı yaradılıb.

Digər  çıxış edənlər vurğulayıblar ki, gənclərin düzgün formalaşması üçün QHT-lər də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, gənclərimiz  göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, bu məsuliyyəti dərk edərək dövlətimizin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsində, respublikamızın inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesində geridə qalmamalıdırlar.

Dəyirmi masada o da qeyd olunub ki, gənclərin hərtərəfli inkişafı Azərbaycanın uğurlu gələcəyinin qarantıdır. "Təəssüf ki, bu gün gənclərimiz arasında mental dəyərlərimizə əməl etməyən, yalnış istiqamətlərə yönələnlər də var. Buna görə də daima məktəblərdə yetişməkdə olan gənc nəslə Milli Qəhrəmanlarımızı, şəhidlərimizi, qazilərimizi, müxtəlif sahələrdə Azərbaycanın adını uca tutan gənclərimizi örnək göstərməliyik. Tariximizin şanlı səhifəsinə nəzər salsaq, 44 günlük Vətən müharibəsində də torpaqlarımızı azad etmək demək olar gənclərimizin üzərinə düşmüşdü. Onlar layiqincə vəzifələrini yerinə yetirdi və 30 illik torpaq həsrətimizə son qoyuldu. 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad edən gənclər prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Bu mövzularda məktəblilərlə mütəmadi olaraq söhbət aparmaq vacib məsələrdəndir" - deyə, tədbirdə qeyd olunub.

Tədbirin sonunda qonaqlar mövzu ətrafında TAİB Gənclər Təşkilatının üzvləri ilə fikir mübadiləsi aparıblar.



















Sosial həyat