3 Oktyabr Ümumdünya Ayıqlıq və Alkoqolizmlə Mübarizə Günüdür
...Ağappaq şüşənin ilan kimi nazik boğazından girdə badələrə şərab süzülür. İçkinin təsirindən başlar dumanlanır, qan çanağı kimi qızarmış gözlər alacalanır, mey masasının ətrafında əyləşənlər bir-birinə üz vura-vura yavaş-yavaş araq şüşəsini boşaldırlar. Şərab dolu badələr yenidən bir-birinə dəyərək cingildəyir...
Bu, tez-tez, hətta bəzən hər gün üzləşilən və çoxları üçün adiləşən mənzərədir. Neçə-neçə ailənin faciəsi, kəndiri qırılan dostluq, “beş günlük dünyada” puç olub gedən ömür çox vaxt cingildəyən şərab dolu badələrdən başlayır. Amma kimə deyirsən? İçkidən dumanlanan başlara, “kefi ala buludda olan”lara sözmü təsir edər? Hər kəsin özü-özünün ağası olduğu indiki dövrdə kim kimə qulaq asır?
Gözümüz görə-görə yarım litrlik şüşələr, girdə-girdə badələr kürəyində igid gizlənən azman-azman oğlanları əlimizdən alır. Cavanlarımız bir gözələ könül vermək əvəzinə üstü bəzəkli, içi zəhrimar kimi acı şərab şüşəsinə könül verirlər. Nəticədə ən böyük bəlalardan olan sərxoşluq və alkoqolizmə yuvarlananların sayı artır.
Uzun müddət və müntəzəm olaraq çoxlu spirtli içki qəbul edəndə arterial təzyiqin yüksəlməsi, stenokardiya və miokard infarktının baş verməsi və həmin xəstəliklərin ağır keçməsinə daha çox təsadüf edilir. Spirtli içki məclislərinin ürək-damar xəstəlikləri ilə uyuşmayan pəhriz pozulmaları xəstəliklərin inkişafını bir qədər də sürətləndirir. Çoxlu spirtli içki qəbulundan sonra toy şənliklərində, rəqs meydançasında, idman zalında müşahidə edilən miokard infarktı, qəfləti ölüm hadisələrinin səbəbi alkoqol qəbul edənlərin öz vəziyyətlərini düzgün qiymətləndirməməsidir.
Oktyabrın 3-ü Ümumdünya Ayıqlıq və Alkoqolizmlə Mübarizə Günü qeyd olunur. Həmin günün qeyd olunması üçün ictimai xadim, XIX əsrin axırlarında sərxoşluq əleyhinə hərəkatın fəallarından olan Con Finçin ölüm günü seçilib. Ayıqlıq və Alkoqolizmlə Mübarizə Gününün əsas məqsədi alkoqolizmlə mübarizə aparmaq və heç olmasa bir gün alkoqollu içkilərdən imtina etmək çağırışıdır. Alkoqol asılılığı müasir cəmiyyətin ən böyük problemlərindən biridir. Təəssüf ki, indi hətta yeniyetmələr arasında da həmin problemlə üzləşirik.
Ağır ürək patologiyaları olan, hipertoniya, ritm pozulmaları, ürək çatışmazlığında, mədə-bağırsaq, xüsusilə qaraciyər, tənəffüs, mərkəzi sinir və endokrin sistemi xəstəlikləri zamanı spirtli içki qəbul etmək müalicənin səmərəsini heçə endirir. Ona görə də həmin xəstələrin spirtli içki qəbul etməsinə ciddi qadağa qoyulmalıdır, çünki hətta 30-50 qram şərab içilməsi onlar üçün son hədd ola bilər.
...Hər şey bir yana, dağılan ailələri, həniri çəkilən ocaqları beş-on dəqiqəlik, lap uzağı bir günlük “tərki-dünyalığı” əldə qədəh xumarlanan gözlərə qurban verməyə dəyərmi? Axı hamı bilir ki, şərabın rəngi ağ olsa da, o, hələ heç kimə üzağlığı gətirməyib...
Elə isə təkcə maddiyyata deyil, sağlamlığa da çox böyük ziyan vuran zərərli vərdişdən yaxa qurtarmağın, onun hələ ala bilmədiklərini qorumağın zamanı deyilmi?..
Süleyman QARADAĞLI