Söhbət 1993-cü ilin 3 oktyabr seçkilərindən gedir
And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam.
Ümummilli lider Heydər Əliyevin ilk dəfə prezident kimi andiçmə mərasimindəki nitqindən
10 oktyabr 1993-cü il
Ümid edirəm ki, hörmətli oxucular gündəlikdəki mövzuya birbaşa 1993-cü ilin oktyabrından deyil, 30 il sonrakı oktyabrdan başladığıma görə məni qınamazlar. Çünki 1993-cü ildə xalq prezident seçkilərinə gedəndə öz ümidinin əlindən tutub yeriyirdisə, 2023-cü il oktyabrın 15-də Xankəndidə öz sevincinin, qürurunun, məğrurluğunun miqyasını ölçüb-biçir, bayramını yaşayırdı.
Həmin gün özünün dövlət başçısı seçilməsinin 20 illiyi münasibətilə Xankəndidən xalqa müraciət edən Prezident İlham Əliyev geridə qalan iki onillikdəki uğurların hamısını “unudaraq”, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını yada salmışdı: “Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq, Ulu öndəri Xilaskar adlandırırıq. O vaxt Azərbaycanın dövlət müstəqilliyi əldən gedə bilərdi”. Təbii ki, Azərbaycanın çoxsaylı şəhidlər, unudulmaz itkilər bahasına bərpa etdiyi dövlət müstəqilliyimiz əldən getmədi. Çünki xalqın böyük oğlu Heydər Əliyev prezident seçiləndə bu müstəqilliyin əbədiləşdiriləcəyinə and içmişdi.
Bizim çoxumuz həmin günlərin şahidiyik. O, əlini Azərbaycan Respublikasının Konstitusiyasına və müqəddəs kitabımız Qurani-Şərifə basaraq and içmişdi ki, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında yer tutmasına nail olacaq. Nail oldu. Bu gün məhz onun qurub-yaratdığı müstəqil Azərbaycan dövləti dünyanın ən qüdrətli dövlətləri, ən aparıcı beynəlxalq təşkilatları arasında mühüm söz sahibinə çevrilmişdir. O, and içmişdi ki, Azərbaycan Respubilkasının demokratik, hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacaq. Oldu. Hamının yadındadır, Azərbaycan dövləti dünyanın 200-dən artıq dövləti arasında “Ən islahatçı ölkə” adına layiq görülmüşdü. Ölkəmiz on illər boyu insan hüquq və azadlıqlarının qorunmasına görə bütün Avrasiyada nümunə göstərilir.
Doğrudur, 2020-ci ilin payızında işğalçı və qaniçən ermənilərin layiq olduqları cavabı almasından, separatçı qurumun quldur rəhbərlərinin tutularaq Bakıya gətirilməsindən sonra bəzi beynəlxalq təşkilatlar, guya, Azərbaycanda insan hüquqlarının pozulmasından danışırlar. Biz isə onlara xatırladırıq ki, Xocalı soyqırımını unutmayın, Qafqazın Xirosimasına çevrilmiş Ağdamı xatırlayın, ölkəmizin ərazisinin 20 faizinə səpilmiş minalardan danışın! Əgər bütün bunları görə bilmirsinizsə, onda insan hüquqlarından danışmağa haqqınız yoxdur!
Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycandakı seçki qanunvericiliyinə və seçki təcrübəsinə görə Avropanın bütün ekspertləri ölkəmizin təcrübəsinin daha geniş yayılması barədə təkliflə çıxış edirlər. ... Məmnunluqla xatırladırıq ki, bu il keçirdiyimiz prezident və parlament seçkiləri barədə heç bir əcnəbi müşahidəçi (onların sayı əvvəlki seçkilərdəki müşahidəçilərdən çox idi) mənfi rəy vermədi. Bu gün Heydər Əliyevin məhv olmaqdan, parçalanmaqdan xilas etdiyi Azərbaycan dövləti Avropa üçün ən mühüm, ən gərəkli ölkələrdən birinə çevrilmişdir.
Zənnimcə, ulu öndərin müstəqil Azərbaycanda ilk dəfə dövlət başçısı seçilməsinin 31-ci ildönümü münasibətilə qələmə aldığımız bu yazıda əsasən üç mühüm məqama diqqət yetirmək zərurəti yaranır: Milli tariximizin həmin dövrünün reallıqları, xalqın bəla və məhrumiyyətlərdən qurtulmaq üçün çıxış yolu axtarması və Azərbaycan əhalisinin 3 oktyabr 1993-cü il tarixli seçiminin nəticələri. Qətiyyətlə deyə bilərəm ki, bu üç amil bir-biri ilə sıx şəkildə bağlıdır. Ona görə də biri haqqında söz açarkən deyəcəyin fikirlər başa çatan kimi istər-istəməz ikinci məsələnin üstünə gəlməli olursan.
1993-cü il 3 oktyabr seçkiləri ərəfəsində xalq ölkədə amansızcasına davam edən hakimiyyət davasından bezmişdi. İmperiyapərəst qüvvələrlə xalq azadlıq hərəkatının dalğası üzərində hakimiyyətə gəlmiş AXC–Müsavat iqtidarı arasında gedən hakimiyyət savaşı ölkəni xaos və anarxiya girdabına yuvarlamış, dövlətçiliyin məhv olmasına real zəmin yaranmışdı. Türkiyəli ekspertlərin söylədiyi kimi, həmin günlərdə mütəllibovçu qüvvələr də, Xalq Cəbhəsi də tamamilə hakimiyyətdən uzaqlaşdırılsaydı və hakimiyyətə Əliyev deyil (söhbət Heydər Əliyevdən gedir – red.) başqa bir azərbaycanlı siyasətçi gəlsəydi, bu ölkə yenə də öz bəlaları içərisində bulunacaqdı. Ona görə də hakimiyyət kürsüsünə, idarəetmə sükanı arxasına Heydər Əliyevin gəlməsi zərurətini tarix, zaman yaratmışdı. Xalq bunu yaxşı dərk edirdi. Ona görə də mitinqlərdə, etiraz aksiyalarında belə bir deyimə tez-tez rast gəlinirdi: Oyanmış xalqa yatmış rəhbər gərək deyil.
Bu gün xalqımızın elə bir fərdi ola bilməz ki, 1993-cü ilin 3 oktyabr seçkilərinin nəticələrindən bəhrələnməmiş olsun. Həmin gün seçilən, bir həftədən sonra dövlət başçısı kimi and içən ulu öndər Heydər Əliyev, ilk növbədə, fəaliyyətə ölkədə daxili ictimai-siyasi sabitliyin bərqərar olunmasından başladı. Xaos və anarxiya yaradan, istənilən anda istənilən yerdə özbaşınalıq edən silahlı birləşmələr ləğv edildi. Ordu vahid rəhbərlik altında birləşdirildi. Nəticədə düşmən atəşkəs haqqında müqaviləni imzalamağa məcbur oldu.
Daha sonra isə çoxsaylı islahatlara start verildi. Aparılan hüquqi islahatlar nəticəsində ölkəyə xaricdən gətirilən sərmayələrin qorunmasına dövlət zəmanəti verildi. Bu isə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının əcnəbi şirkətlərlə müştərək işlənməsinə zəmin yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycana külli miqdarda xarici investisiyalar gətirilməsi ilə nəticələndi. Bundan sonra isə ölkədə yeni parlament seçilməsinə və yeni Konstitusiyanın hazırlanmasına başlamaq olardı. Heydər Əliyev bu iki mühüm layihəni də uğurla başa çatdıraraq, sözün həqiqi mənasında, Azərbaycanın sivilizasiyalı dövlətlər sırasına çıxarılması üçün gərəkli olan bütün addımları atmış oldu.
...Biz xoşbəxtik ki, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil, suveren, qüdrətli Azərbaycan dövləti dünyanın ən mühüm beynəlxalq təşkilatlarında söz sahibidir. Rəsmi Bakı mötəbər beynəlxalq təşkilatların ali məclislərinin keçirildiyi məkana çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropa İttifaqının üzvü olan 9 dövlətlə strateji müttəfiqliyimiz var. ABŞ, Çin, Rusiya kimi qüdrətli dövlətlərlə sıx əməkdaşlıq edirik. Gələcəyinə böyük ümidlər bəslənən Türk Dövlətləri Təşkilatının əsas lokomotivlərindən biri, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindənik.
Ən başlıcası, ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında müəyyən etdiyi hədəflərin hamısının mərhələ-mərhələ qət edilməsinin nəticəsidir ki, bu gün dövlətimizin suverenliyi tam təmin edilmişdir. Bu, bizim son 2 əsrdəki ən böyük qələbəmizdir.
Ancaq hələ başqa hədəflərimiz də var. İnanırıq ki, Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi və Prezident İlham Əliyevin qətiyyəti nəticəsində həmin hədəflərə də çatacağıq. Bu əminliyimizin təməlində isə Xalq – İqtidar birliyi dayanır. Birmənalı olaraq deyə bilərik ki, həmin birliyi də bizə məhz ulu öndər Heydər Əliyev bəxş etmişdir.
Bütün bunlara görə isə ulu öndərimizin məzarı bu gün ümummilli ziyarət ünvanına çevrilmişdir.
İttifaq MİRZƏBƏYLİ