Oktyabrın 2-də Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı öz işini başa çatdırıb.
Dünən Bakı Konqres Mərkəzində 4 gün davam edən tədbirin sonuncu günü “Rəqəmsal əsrdə qanunun aliliyinin təmin edilməsində prokurorun rolu – çağırış və cavablar”, “Rəqəmsal sübutlar və süni intellektdən istifadə çərçivəsində şəffaflığın, hesabatlılığın və məlumatların qorunmasının təmin edilməsi”, “Kibercinayətkarlığın təqibində beynəlxalq əməkdaşlığın əhəmiyyəti” adlı plenar sessiyalar və “Ekoloji cinayət”, “Kibercinayətkarlıq” və “Terrorla mübarizə” mövzularındakı seminarlarda faydalı fikir mübadilələri və maraqlı müzakirələr aparılıb.
Nüfuzlu beynəlxalq təşkilatın gündəliyində nəzərdə tutulan bütün tədbirlər başa çatdıqdan sonra təntənəli bağlanış mərasimi olub. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının uğurla başa çatdığını bildirərək qeyd edib ki, bu 4 gündə keçirilən müzakirələr cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizədə iştirakçı dövlətlərin həmfikir olduğunu nümayiş etdirdi. Burada səslənən dəyərli fikir və ideyalar üzv ölkələrin prokurorluq və ədliyyə qurumları arasında münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcək.
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques də çıxış edərək, 29-cu İllik Konfrans və Ümumi Yığıncağın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi və digər iştirakçıları təbrik etdi və göstərilən qonaqpərvərliyə və xoş münasibətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi.
Assosiasiyasının Baş katibi Roel Dona da çıxışında tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prokurorluğuna və əməyi keçən hər kəsə təşəkkür etdi, dünyanın ən gözəl paytaxt şəhərlərdən olan Bakının indiyədək təyin olunmuş Konfranslar tarixində ön sıralarda yer tutduğunu bildirdi.
Baş prokuror Kamran Əliyev prosedura uyğun olaraq Beynəlxalq Prokurorlar Assosiasiyasının növbəti 30-cu yubiley İllik Konfransının və Ümumi Yığıncağının Sinqapurda keçiriləcəyini açıqladı və Bakı konfransında iştiak edən Sinqapur Respublikasının Baş prokuroru cənab Lüsyen Vonqa təbriklərini çatdırıb, uğurlar arzuladı.
Tribunaya dəvət olunan Lüsyen Vonq çıxışı zamanı Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının uğurla başa çatması münasibətilə Kamran Əliyev başda olmaqla, bütün üzv ölkələri təbrik etdi və BPA-nın 30-cu yubiley Konfransı və Ümumi Yığıncağının Siqapurda keçirilməsi üçün artıq hazırlıq işlərinə başlanıldığını bildirdi və bu hazırlıqlar zamanı Azərbaycanın uğurlu təcrübəsindən məmnuniyyətlə istifadə olunacağını vurğuladı.
Sonda, Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının rəmzi bayrağını Sinqapur Respublikasının Baş prokuroru Lüsyen Vonqa təqdim etdi. Bununla da, ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbir uğurla başa çatdı.
İ.RÜSTƏMOV
XQ