2019-cu ilin dekabr ayından istifadəyə verilən Ədliyyə Nazirliyinin “Mobil notariat” tətbiqinin istifadəçiləri tərəfindən indiyədək 1,3 milyondan artıq notariat sənədləri məsafədən elektron qaydada rəsmiləşdirilib. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların razılığı, əlçatan funksionallıq və notariat hərəkətlərinin geniş spektrini təklif etməsi “Mobil notariat” tətbiqini Azərbaycanda müasir və innovativ həllə çevirir.
Sorğuya cavabda xatırladılıb ki, “Mobil notariat” tətbiqi notariat hərəkətlərinin elektron formada həyata keçirilməsi məqsədilə sənədlər üzrə əməliyyatlarda vətəndaşlar üçün sürətli imkanlar yaradır. “Tətbiq vətəndaşlara etibarnamə, ərizə və digər sənədləri elektron qaydada rəsmiləşdirmək imkanı verir.
“Mobil notariat” tətbiqi vasitəsilə hazırda 16 notariat xidməti elektron qaydada rəsmiləşdirilir. Bu xidmətlərə nəqliyyatdan istifadə və sərəncam etibarnaməsi, daşınmaz əmlaka sərəncam etibarnaməsi, vəkil etibarnaməsi, bank etibarnaməsi, vərəsəlik etibarnaməsi, qurumlarda təmsilçilik etibarnaməsi, dərmanların alınması üçün etibarnamələr, eləcə də azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi, azyaşlıya pasportun verilmə ərizəsi, daşınmaz əmlaka sərəncam ərizəsi, ərizədən imtina ərizəsi, yaşayış sahəsində qeydiyyata alınma ərizəsi, təhsil-tələbə krediti ərizəsi, kirayə müqaviləsi, etibarnaməyə xitam ərizəsi və sərbəst məzmunlu ərizələr daxildir.
Xidmətlər, sadəcə, Azərbaycanın daxilində yaşayan vətəndaşlar üçün deyil, həmçinin ölkə xaricində yaşayan vətəndaşlar, Azərbaycanda müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də əlçatandır”, - deyə məlumatda bildirilib.
“Mobil notariat”ın üstünlüyü tətbiqin 24/7 rejimində fasiləsiz, həftə sonları və bayram günləri də daxil olmaqla xidmət göstərməsidir. Həmçinin istifadəçilər platformada öz cari sənədlərinə nəzarət edə, onların statusu ilə bağlı əməliyyatlar apara və sənədlərin qüvvədən düşməsi ilə bağlı məlumatı dərhal əldə edə bilərlər.
Tətbiq vasitəsilə əlavə olaraq sənədlərin “QR-kod” və ya “Barkod” vasitəsilə həqiqiliyini və vərəsəlik işlərinin açılıb-açılmamasını yoxlamaq imkanı da mövcuddur.
Tətbiq daxilində, həmçinin ölkə ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar barədə məlumat əldə etmək, eləcə də notariat ofislərinin 360 dərəcə görüntüsünü nəzərdən keçirmək üçün bölmə yerləşdirilib.
Hazırda “Mobil notariat” platformasında 1 milyondan çox istifadəçi qeydiyyatdan keçib və gündəlik olaraq minlərlə notariat əməliyyatı elektron qaydada aparılır.