Hanı aşıb-daşan tamaşaçı salonları?

post-img

Teatr daim yenilənməyə can atır. Mühafizəkar rejissorlar isə nədənsə buna müqavimət göstərməkdədir. Texnogen erada sənətə münasibət kökündən də­yişdiyi halda eksperimental tamaşalara dodaq büzənlər tapılır. Halbuki sənə­tin mahiyyətində daim yenilənmək, dəyişmək, forma axtarışları dayanır. Bu, həmişə belə olub. 

Böyük teatr islahatçısı Konstantin Sta­nislavski bu düşüncədə olmasaydı, Rusiya­da və bütün dünyada son dərəcə populyar olan məşhur teatr sistemini yarada bilməz­di. Əks halda, hələ də tamaşalara quruluşu dramaturqlar və aktyorlar özləri verəcək­di. Vsevolod Meyerhold səhnə sənətində qrotesk üslubunu və biomexanika adıyla məşhurlaşan aktyor sistemini yaratdı və beləliklə, teatr yeni axtarışlar dövrünə qə­dəm qoydu. 

Bertold Brextin epik teatrı teatr ta­rixində ən əhəmiyyətli hadisələrdən bi­rinə çevrildi. Daha sonra Qrotovskinin teatr laboraratoriyası yarandı. Antonen Arto yeni teatr nəzəriyyəsini işləməyə başladı. Qrotovski yazırdı ki, “biz indi Arto epoxasına daxil olmuşuq”. Artonun nəzəriyyəsi özünü doğrultmasa belə, adı sənət tarixinə düşdü. O, XX yüzil mədə­niyyətinə böyük təsir göstərmiş və mədə­niyyət, teatr barədə düşüncələrdə çevriliş etmiş bir şəxsdir. 

XX yüzilin teatr məkanında Qrotovski canlı mif idi. Rejissor ssenarinin reallaş­dırılması üçün xüsusi yanaşma formalaş­dırmışdı. Məsələn, o tamaşaçı zalını qəbul etmirdi. Onun tamaşalarında tamaşaçı və aktyor hadisədə birgə iştirak edən, iki ay­rılmaz şəkildə bir-birinə bağlı elementləri təşkil edirdi. "Yoxsul teatrın" nəzəriyyə və praktikasını yaratmaqla o, teatr tarixində qaldı. Və əfsanəvi Taqanka teatrını xatır­layaq. 

Bəs bu gün səhnəmizdə yeni forma nümunələri, yeni texniki metodlar tətbiq edən avanqard rejissorlar yetişirmi? Teatra yeni sistem gətirən nəzəriyyəçi rejissorla­rımız varmı? Bu suallara birmənalı cavab vermək bir qədər çətindir. Mövzuya gələ­cək yazılarımızda toxunacağıq. Bu dəfə isə sənədli dramaturgiya janrı üzərində daya­naq.

Azərbaycan teatrında sənədli drama­turgiya janrı gözə dəymir, bu sahəni inkişaf etdirmək üçün fraqmental cəhdlər var. Hələ ötən əsrin 60-cı illərində bu janr Avropada geniş yayılmışdı. Bu janrın ən görkəmli nümayəndələrindən biri alman dramaturqu Rolf Hoxxot idi. Onun həbs düşərgəsindən bəhs edən “Canişin” pyesi 1963-cü ildə Qərbi Berlində rejissor Ervin Piskatorun quruluşunda səhnə həyatı qazandı və ta­maşa görünməmiş uğur qazandı. Repressi­ya səhnədə sənədlərin dili ilə danışırdı və tamaşaçını həyəcana gətirirdi. Tamaşanın uğurundan həvəsə gələn Hoxxot bundan sonra bir neçə sənədli dram yazdı və o pyeslər də uğurlu səhnə həyatı yaşadı. 

Sözsüz, sənədli dramın səhnələşdiril­məsində kino elementlərindən, xronikalar­dan, mütəhərrik proyeksiyalardan da istifa­də olunurdu. Bu, kino ilə teatrın sintezindən yaranan yeni bir forma, uğurlu təcrübə mübadiləsi idi. İncəsənətin bu iki sahəsi öz xüsusiyyətlərini itirmədən qarşılıqlı surətdə ifadə vasitələri tapır. Zatən kino da, teatr da eyni ədəbi mənbədən qaynaqlanır. 

Görkəmli rus rejissoru və pedaqoqu G.Tovstonoqovun təbirincə desək, bu iki sahənin sərhədləri şərtilik meridianından keçir. Yeri gəlmişkən, Tovstonoqov “Səh­nə güzgüsü” kitabında kinonun teatrdan necə qidalandığını müfəssəl şəkildə izah edir. O, qeyd edir ki, kinematoqrafçılar Stanislavski və Nemirov-Dançenkodan çox şey öyrəniblər. Meyerholdun, Vax­tanqovun, Dikiy və Popovun təcrübəsi və istedadı onların karına çox gəlib. Teatr da öz üzərində kino sənətinin təsirini duyub və indi də duymaqdadır. Teatrda kino pri­yomlarından istifadə pyes və ssenariləri də bir-birinə yaxınlaşdırdı. Dünya teatrlarında elə tamaşalar var ki, onlar ssenarilər əsa­sında səhnələşdirilib. Tovstonoqov yazır:

“Kinematoqrafın demək olar ki, bü­tün elementləri teatrda sınaqdan çıxarı­lıb. Teatrda səssiz kinodakı kimi titrlərlə müşayiət edilən tamaşaları, panoramları, səhnənin qaralmasını, işıq-kölgə oyun­larını gördük. Kinonun təsiri ilə daxili monoloqları və qəhrəmanların çıxışlarını eşitdik. Beləliklə, müasir kinematoqrafın müasir teatra təsirini danmaq qeyri-müm­kündür”. 

Görkəmli rejissor bu fikirlərini yarım əsr bundan öncə dilə gətirib. Dünya teatr­larında sənədli dramaturgiya mühüm yer tutur. Bu janr məhz kino ilə teatrın yara­dıcı mübadiləsi nəticəsində meydana gəlib. Buna qəlibdən çıxmış mexaniki üsullardan imtina etməklə nail olublar. Teatr və kino nəzəriyyəçisi Piter Bruk “Boş məkan” ki­tabında bu barədə geniş yazır. Bugünkü dövrdə teatrın imkanları daha genişdir. Müasir texniki avadanlıqlar vizual effekt baxımından teatra kinematoqrafik ele­mentlər əlavə etmək üçün çox əlverişlidir. Bu imkanlardan faydalanıb forma axtarış­ları aparmaq mümkündür. 

Unutmaq lazım deyil ki, zalda əyləşən­lər XXI əsrin insanlarıdır. Bu gün süni in­tellekt (alqoritmlər) insan emosiyası üzə­rində piano dillərində gəzişən kimi gəzişir. İnsanın biometrik məlumatlarından istifa­də edən alqoritmlər bizim üçün hətta fər­di melodiyalar da bəstələyə bilir. Əlbəttə, fərdiləşmiş sənət cəlbedici olub dəbə minə bilməz. Əgər sənət həqiqətən insan emo­siyasını ilhamlandırmaq və ya manipulya­siya etmək üçündürsə, lap cüzi sayda olsa belə, dramaturqun, rejissorun alqoritmlə bəhsə girmək şansı ola bilər. Çünki yaradı­cı insan bu məsələdə əsas alət olan insanın biokimyəvi sistemini işlətməkdə alqoritm­lə yarışa bilməz. 

Bəs necə edək ki, nanotexnologiya dövründə teatra marağı qoruyub saxlaya bilək? Bu baxımdan, sənədli dram janrı­nın inkişaf etdirilməsinə ehtiyac var. Bu janrda əsərlər yazılmalıdır və səhnəyə qoyulmalıdır. Bu yaxınlarda sənətşünas Azər Turanın "Atam, anam, qardaşım, mən və Stalin" dramı C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnə təcəssümünü tapdı. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəh­ram Osmanov idi. Hüseyn Cavidin faciəli həyatından bəhs edən tamaşa çox böyük marağa səbəb oldu, kifayət qədər müsbət reaksiyalar doğurdu. Cavidlər aləsinin iz­tirablarla keçən həyatı tamaşada şairin qızı Turan Cavid obrazının nümunəsində əya­niləşdi. Xatirələr, məktublar, gerçəkdə baş verən hadisələr, bütünlükdə Cavid faciəsi, ötüb keçən əzabla dolu ömür övladlarının, ailəsinin yaşantılarında uğurlu aktyor oyu­nu nümunəsində əksini tapdı.

Bu tamaşanın ardınca Əməkdar İncəsənət xadimi Mehriban Ələkbərzadə­nin 37-ci il repressiyası zamanı müsibətlər yaşayan Azərbaycan qadınlarına həsr olun­muş “Kod adı: V.X.A.” tamaşası Dövlət Milli Gənc Tamaşaçılar Teatrında nümayiş olundu. Yenə böyük maraq və anşlaq! 

Xalq artisti, görkəmli rejissorumuz Mərahim Fərzəlibəyovun Bakı Bələdiyyə Teatrında hazırladığı “Xan qızı” tamaşası da sənədlərin dili ilə danışır. Böyük yazı­çımız İlyas Əfəndiyevin “Natəvan” dramı əsasında hazırlanmış tamaşada Xurşudba­nu Natəvanın acı taleyi sənədlilik prinsipi ilə işlənib və rejissor Natəvana fərqli ra­kursdan baxa bilib. Nəticədə, son dərəcə uğurlu tamaşa ərsəyə gəlib. 

Azərbaycan teatrında çox az sayda belə nümunələr var. Könül istərdi ki, tarixi şəx­siyyətlərimz, Vətən Müharibəsi qəhrəman­ları haqqında sənədli dram əsərləri yazılsın və səhnələşdirilsin. Yeni və fərqli formalar tapılsın. Eyni zamanda bu istiqamətdə işlə­rin gerçəkləşməsi üçün ömrünü teatra həsr etmiş peşəkar rejissorlarımıza da meydan verilməlidir. 

Kənan HACI,
yazıçı-publisist



Sosial həyat