Tikanlıqda şərqi deyən quş...

post-img

Günortaya yaxın əmimgildən gəlirdim. Gördüm ki, tikanlıqda şərqi deyən quşlardan biri yerdə çırpınır. Ağlıma gələn bu oldu: yəqin, nəsə tutub gizlin yeyir ki, başqa quşlar əlindən almasın. Bir az yaxınlaşdım, gördüm yox, məsələ başqadı – quşa nə olubsa, uça bilmir. Birtəhər tutdum. Elə hay-küy salırdı ki, gəl görəsən. Dedim, noolub? Qaz deyilsən, ördək deyilsən ki, kəsib qızardım. Pişiyin əlinə keçsəydin çoxdan səni içəri ötürmüşdü. 

Quşu yenə buraxdım kolluğa. Bir az getmiş­dim ki, sanki, mənə dedilər:

– Nooldu, yaralı quşu niyə tikanlığa buraxıb gəldin? Başqa vaxt tez-tez humanizmdən dəm vu­rursan, təbiətə, ekiologiyaya qayğıdan yazırsan. Deməli, o yazdıqların hamısı gözə kül üfürmək­miş...

Qayıtdım geri. Tikanların arasında gəzə-gəzə axtarıb gözəlim quşu tapdım. Dedim ki, bilirsən səndən ötrü mənə nələr dedilər? Gəl, gedək. Qu­tuya qoyanda gördüm ki, qanadının biri yaralanıb. Əvvəlcə su verdim, sonra çörək doğrayıb tökdüm qabağına. Ancaq (məncə, ya arıqıran, ya da mu­radquşudu) quş nə su içdi, nə də çörək yedi. Elə məzlum-məzlum baxdı... Dedim, bəlkə, toyuq əti verim. Onu da yemədi. Yaxşı pomidor-yumurta bişirmişdim, bir-iki tikə atdım, onu da yemədi. Sonra gedib qardaşımgildən arpa, buğda gətirib qarşısına səpdim. Heç baxmadı da. Dedim, ay quş, mən səninçin nə edim, arını hardan tutum gətirim? Ye ki, güclənəsən, sağalasan. Mən də tək adamam, özümə güclə baxıram. 

Nəhayət, kəndimizdə bir baytar var, ona zəng elədim. Dedim ki, bəs, belə-belə... Bildirdi ki, müəllim, mənim quşlarla işim yoxdu, mən inəyə, camışa baxıram. Özü də indi bir deputatın ferma­sında vaksinasiya aparıram, işi buraxıb gələ bil­mərəm. Hirslənib dedim ki, sən Hippokrat andı içməmisən? Dedi, Vavilov andı içmişəm. Bilsəy­dim, heç o andı da içməzdim....

İstədim onu da söyüm, Vavilovu da, özümü güclə saxladım...

Arada Ekologiya və Təbii Sərvətlər Nazirliyi­nin qaynar xəttinə zəng elədim. Nə illah elədim, cavab verən olmadı.

İncəvara, axşamüstü quşun halı yaxşılaşdı. Qanadını qaldırıb üstünə qoya bildi. Tikanlıqda­kı quşların səslərini eşidib havalanmaq istəyirdi. Amma nə qədər cəhd eləsə də, uça bilmədi.

İndi quş qalıb əlimdə. Qanadı nə vaxt sağala­caq, sağalsa da, uça biləcəkmi?

Hər halda, qulaq yoldaşıdı.

Allah heç kəsi qolsuz, qanadsız eləməsin!

Səməd MƏLİKZADƏ

Sosial həyat