Tələbəyəm – mən sabahın tələbiyəm!

post-img

Son günlər sosial şəbəkələrdə tələbə adını qaza­nanlarla bağlı çox sayda paylaşımlar edilir. Təbii ki, yeniyetmə və gənclərin ali məktəblərə daxil olmaları onların həyatında ən əlamətdar hadisələrdəndir. Təq­dirəlayiq haldır ki, bir çox tanınmış ziyalılarımız da bu hadisəyə münasibət bildirirlər. Dünən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, professor Aynur Familqızı özünün “Facebook” səhifəsində yazıb: 

“Bir alimdən soruşmuşlar ki, kimi müdrik ağsaqqal saymaq olar? O, “biliyini başqalarına öyrədən elm sahibini”, - deyə cavab vermişdir. Mahiyyət etibarilə elm bir həqiqət axtarışıdır, nurdur, işıqdır. Məhz elmi, təhsili öyrədənlərin və öyrənənlərin köməyi ilə insanlar doğrunu yanlışdan seçə bilirlər. Cəmiyyətdə inkişaf və tərəqqi sürətlənir, xalqın rifahı yaxşılaşır, insanların ölkələri­nin uğurlu sabahına inamı güclənir. 

Bu məqamda maarifpərvər şair M.Möcüzü xatırlamamaq ol­mur. Şair gözəl demişdir:

Elmsiz əgər biz yaşasaq gecə-gündüz,

Vallah, billah, vətəndə gülməz hərgiz üzümüz.

Dahilər deyiblər ki, nə qədər yaşayırsan, öyrən, gözləmə ki, qocalıq gələndə sənə kamal gətirəcək. Zəmanə güc əyyamı de­yil, elm əyyamıdır. Həyata ağılın gözü ilə baxan toplumlar irəli gedirlər”. 

Professor A.Familqızı sonra yazır ki, o, bu günlərdə tələbə adını qazanan, elm cameəsinin üzvü olmağa can atan, öz zəh­mətləri ilə bu yolda əzmlə yürüyən bütün bilikli gəncləri ürəkdən təbrik edir! Ölkəmiz, xalqımız, gələcəyimiz üçün xeyirli-uğurlu olsun!

P.S. Düşünürük ki, belə dəyərli paylaşımlar uşaq, yeniyetmə və gəncləri elmin ağır, çətin, lakin şərəfli yollarında ruhlandır­maq məramı daşıyır və alqışlanmağa layiqdir! 

Təqdim etdi:
M.HACIXANLI
XQ

Sosial həyat