Laçın rayonunda oftalmoloji aksiya keçiriləcək

post-img

Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinika avqustun 22-23-də Laçın rayonunda tibbi aksiya keçirəcək.

Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd Laçın rayonunda yaşayan sakinlərin görmə ilə bağlı problemlərinin müəyyən etmək və aşkar olunan xəstəliklərin müayinə yolu ilə aradan qaldırılmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz problemləri ilə bağlı ümumi nəticə çıxarılaraq müəyyən olunan xəstəliklər müzakirə edilir. Buna əsasən qeyd edilməlidir ki, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılır.

Aksiya saat 09:00-da başlayacaq.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə və müalicə olunmasıdır. Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər və aksiyaların sayı daim artır. Həmin aksiya və tədbirlərin əsas məqsədi görmə problemi olan insanların erkən müayinə və müalicə olaraq öz sağlamlıqlarını geri qaytarmaqdır.

Həmçinin qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Bununla yanaşı, Səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası da fəaliyyətə başlayıb.

Sosial həyat