Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun növbəti səyyar iclası Laçın rayonunda keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
İclasda açılış nitqi ilə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri, işçi qrupun rəhbəri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərin inkişaf planına uyğun olaraq həmin ərazilərdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və cəlb olunmuş digər qurumlar, eləcə də yerli şirkətlər tərəfindən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyətinin icra olunduğunu qeyd edib. Bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə layihələri əsasən yaşayış infrastrukturunun yaradılması, nəqliyyat, energetika, kənd təsərrüfatı sahələri, sənaye parkları və digər prioritet istiqamətlərdə aparılır. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin 10 noyabr tarixindən bu günədək ümumilikdə 155 447 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İşğaldan azad edilmiş ərazilərə geri qayıdan əhali, habelə bu ərazilərdə çalışan insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ANAMA tərəfindən mütəmadi olaraq keçirilən maarifləndirmə təlimlərinin vacibliyini vurğulayan Vüqar Süleymanov Laçın şəhərinin, Sus və Zabux kəndlərinin əhalisinə də bu istiqamətdə təlimlərin keçirildiyini qeyd edib.
Sonra işçi qrupun digər üzvləri tərəfindən təmsil etdikləri qurumların bu sahədə gördüyü işlər barədə məlumat verilib və təqdim olunan hesabatlar müzakirə edilib. Səfər çərçivəsində işçi qrup üzvləri Cəbrayıl rayonu ərazisində ANAMA tərəfindən Cocuq Mərcanlı kəndində, eləcə də yerli şirkət tərəfindən Sarıcallı kəndində həyata keçirilən minalardan təmizlənmə əməliyyatları ilə tanış olublar, aşkar edilən mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.