Avqustun 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın avqustun 10-da və 12-də keçirilən iclaslarının protokolları təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə “exit-poll” keçirmək niyyəti ilə daha bir qurumun – “Sosioloji Tədqiqatlar Mərkəzi”nin qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada Mərkəzi Seçki Komissiyasına ünvanlanan müraciətinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən qurumun müraciəti təmin olunub və Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək üçün qeydə alınıb.
Daha sonra iclasda 36 saylı Xətai–Suraxanı seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.
Beynəlxalq müşahidə missiyası təmsilçiləri, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi, habelə media subyektləri nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilən iclasda, həmçinin Milli Məclisə seçkilərə hazırlıqların gedişi, intensiv şəkildə davam edən irimiqyaslı layihələr barədə ətraflı məlumat verilib və cari məsələlərə baxılıb.