Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev, Şəhid ailələri, mətbuat işçiləri və ictimai fəallar iştirak etdilər.Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək böyük şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər. Sonra Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi. Ümummilli Liderin xalqına həsr edilmiş mənalı ömür yolunu və dövlət idarəçiliyindəki fəaliyyətini özündə əks etdirən fotoguşəyə baxış keçirildi.
Daha sonra tədbir Goranboy Olimpiya İdman kompleksində, çay masası arxasında diskussiya şəraitində davam etdirildi. Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev tədbiri giriş sözü ilə açaraq 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açıldığını, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini, əsası Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasətinin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycanın dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanındığını görüş iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda Azərbaycan mediasının Vətən Mühraibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynadığını bildirdi.
Sonda mətbuat işçilərini Milli Mətbuat Günü ilə bağlı təbrik edən icra başçısı onlara işlərində müvəffəqiyyətlər arzuladı.
Tədbirdə çıxış edən media nümayəndələri ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini bildirdilər.
Tədbirdə “22 iyul - Milli Mətbuat Günü” münasibəti bir qrup mətbuat nümayəndəsinə rayon İcra Hakimiyyəti Başçısının Təşəkkürnaməsi təqdim edildi.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Goranboy rayonu.