Aqrar lizinq təlimi

post-img

Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssis­ləri aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçiriblər.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Da­daşova 2023-cü ildən başlayaraq Nax­çıvanda lizinq qaydalarının təkmilləşdi­rilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini qeyd edib ki, Naxçıvanda 2022-ci ilin sonundan etibarən lizinq qaydala­rı ləğv olunub. Bu da istehsalçıların bu xidmətlərdən faydalanmasında bir sıra çətinliklər yaradıb. Ötən ildən etibarən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə təkmilləşdirilmə aparılaraq yeni qaydalar təsdiq olunub. Cari ildə isə mexanizm hazırlanıb və müvəkkil bank olaraq “Kapital Bank” ASC seçilib. İyulun 16-dan bankın əməkdaşları Nax­çıvana ezam olunub, həm nazirliyin, həm də “Naxçıvan Aqroservis” ASC-nin əməkdaşları ilə birgə görüş keçiriblər.

Aqrar sahədə lizinq xidmətləri kənd təsərrüfatı istehsalı vasitələri olan tex­nika və texnoloji avadanlıqları, müa­sir suvarma sistemlərini və damazlıq heyvanları əhatə edir deyən Xəyalə Dadaşova qeyd edib ki, texnika və tex­noloji avadanlıqların, o cümlədən müa­sir suvarma sistemlərinin dəyərinin 40 faizi, damazlıq heyvanların isə 60 faizi dövlət dəstəyi hesabına ödənilir. Qalan vəsait isə bank və istehsalçı tərəfindən müvafiq qaydada qarşılanır. İstehsalçı­lar uzaq məsafə qət etmədən “Kapital Bank”ın yerli bölmələrinə və Naxçıvan Aqrar Xidmətlər Mərkəzinə müraciət edərək lizinq xidmətlərindən yararlana bilərlər.

Sonra “Kapital Bank” ASC-nin əməkdaşı Fərhad Məmmədquliyev li­zinq fəaliyyətinə dair müxtəlif mövzuları əhatə edən təlim keçirib.

Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan

Sosial həyat