AMEA Naxçıvan Bölməsinin növbəti iclasında bölmə əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun ötən ay Rusiyanın Sankt-Peterburq şəhərində arxiv materiallarının toplanması üçün apardıqları tədqiqatlarla bağlı hesabatlar dinlənilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev arxiv sənədlərinin tarixi faktların dəqiqləşdirilməsindəki önəmindən və arxivlərdə işləməyin vacibliyindən danışaraq əldə olunan sənədlərin tədqiqatçılar üçün böyük bir mənbə olacağını və gələcək araşdırmalar üçün geniş imkanlar yaradacağını vurğulayıb.
Bildirilib ki, ezamiyyə dövründə alimlər Sankt-Peterburq Mərkəzi Dövlət Arxivi və Rusiya Dövlət Tarix Arxivinin 42 fondunda olan XIX-XX əsrlər Naxçıvan tarixinə aid 2 min 500 səhifədən artıq material əldə etmiş və Naxçıvana gətirmişlər. Bu sənədlər çar Rusiyası zamanı Naxçıvanın tarixi, mədəniyyəti, sosial-iqtisadi həyatı və əlaqələri ilə bağlıdır.
Qeyd olunub ki, bu sənədlərin tam dəqiq və ciddi araşdırılması üçün zamana və aid mütəxəssislərə ehtiyac vardır. Gətirilən sənədlər həm AMEA Naxçıvan Bölməsi əməkdaşları, həm də Naxçıvan Dövlət Arxiv İdarəsinə elektron formada təqdim ediləcək. Bu, Azərbaycanın istənilən bölgəsindən olan və XIX-XX əsrlər Naxçıvan tarixi ilə bağlı araşdırma aparan tədqiqatçılar üçün yeni imkan yaradacaq.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan