Təhsil ocağına gedən səkiləri kimlər zəbt ediblər?!
“Xalq qəzeti”nin 24 aprel 2024-cü il tarixli nömrəsində “Səkilərə kim sədd çəkib?..” sərlövhəli tənqidi məqalə dərc olunub. Yazıda Bakı Dövlət Universitetinə gedən yolda qeyri-qanuni tikinti işlərinin aparılmasından söhbət açılır.
Ümid edirdik ki, müvafiq səlahiyyətli qurumlar bu ali məktəb ocağının müəllim-tələbə heyətini, eləcə də ətrafda yaşayan çox sayda sakinləri narazı salan bu məsələ ilə bağlı lazımi tədbirlər görəcəklər. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı.
Belə ki, 24 may 2024-cü il tarixdə Yasamal Rayon İcra Hakimiyyətindən aldığımız cavab məktubunda yazılır: “Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində hasarlanmış torpaq sahəsində vətəndaş Qasımova Aytac Mehdi qızı və Səmədova Günay Mehdi qızı tərəfindən (Bakı Şəhər İcra Hakimiyyətinin 20 aprel 2018-ci il tarixli 262 nömrəli sərəncamı və tərəflər arasında bağlanmış 21 may 2020-ci il tarixli 1582 saylı icarə müqaviləsi) əsasında qeyri-yaşayış binası inşa edilir. Tikinti işləri başa çatdıqdan sonra hasar sökülərək səki tam bərpa ediləcəkdir”.
Mənasız cavabdır, eləmi?... Yəni ay müxbir baba, sus otur yerində. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı olan yerdə kimin danışmağa nə cürəti var?!
Yanılırlar. Biz qələm əhliyik, böyük Mirzə Cəlilin, dahi Sabirin varisləriyik, başdansovdu cavablara adekvat reaksiya göstərməyə haqqımız və cürətimiz çatır.
Əvvəlcə, hörmətli səlahiyyət sahiblərindən soruşmaq istəyirik: Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasından üzü Bakı Dövlət Universitetinə gedən Bəxtiyar Vahabzadə küçəsini hasarlayaraq, özəl torpaq sahəsinə çevirib vətəndaşlara sərəncamla icarə müqaviləsi əsasında qeyri-yaşayış binası inşa etdirməyə icazə verməyə qanunlarımız yol verirmi?
Vermir!
Hər bir tikinti obyekti üçün boş, istifadəsiz torpaq sahəsi ayrılmalıdır. Yalnız bu halda sərəncam verilməlidir. Əgər bu, yoxdursa, sadəcə hər hansısabir icarə müqaviləsi bağlamaq üçün sərəncam verilibsə, bu, əlbəttə, qeyri-qanunidir! Qanunlar isə hər birimiz üçün alidir, toxunulmazdır! Çünki qanunlar dövlətin və xalqın mənafelərini təcəssüm etdirir.
Yasamal RİH rəhbərliyinin bir daha yadına salmaq istəyirik: Söhbət Bəxtiyar Vahabzadə küçəsindəki səkilərdən gedir. Bu səkilərin üstündə göbələk kimi artan sənədsiz, sübutsuz (amma məlum oldu ki, “sənəd”lər var) tikililəri gördükcə, ürəyimiz qan ağlayır. Hara gedirik bu nəfslə, bu hökmlə, ilahi?!..
Cavab məktubunda belə bir cümlə də yazılıb: “Tikinti işləri başa çatdıqdan sonra hasar sökülərək səki tam bərpa ediləcəkdir”.
Bu cavab vaxtı uzatmaq və baş aldatmaqdan başqa bir şey deyil. Əslində, Bəxtiyar Vahabzadə küçəsində hasarlanmış səkilərdə tikinti işləri təcili surətdə dayandırılmalıdır.
Axı bura ölkənin ən böyük elm, təhsil məbədinin yoludur. 2-3 mərtəbəli xidmət və ticarət binalarının inşası başa çatdıqdan, hasar söküləndən sonra, yeni obyektlərin altında qalan səkilər necə tam bərpa oluna bilər?!
Bu şəhərin ruhunu nə vaxta kimi incitmək olar? Axı, bura bizim evimizdir, qəlbimizin bir parçasıdır, yaddaşımızdır, nəfəsimizdir. Qədim Bakının nəfəs yollarının bağlanması ayrıca bir kədərli mövzudur. Bu barədə ayrıca yazmağa hazırlaşırıq.
Cavab məktubunda, həmçinin yazılıb ki, tərəflər arasında bağlanmış 21 may 2020-ci il tarixli 1582 saylı icarə müqaviləsi əsasında qeyri-yaşayış binası inşa edilir. Səlahiyyətli orqanlara bir daha müraciət edirik: icarə müqaviləsinə sərəncam verilə bilərmi?!
Yasamal RİH rəhbərliyi sonra yazır ki, qəzet səhifələrində tənqidi məqaləni müşayiət edən digər fotolarda əks olunmuş Zahid Xəlilov küçəsi istiqamətindəki obyektlərin tikintisi uzun illər bundan qabaq müvafiq sənədlər əsasında aparılmışdır. Deməli, rayon rəhbərliyinin oradakı qanunsuzluqları aradan götürmək niyyəti yoxdur?!
Bəs, Azərbaycan Respublikası Tikintiyə Nəzarət, Şəhərsalma və Arxitetektura Komitəsinin rəhbərliyi şəhərin Bəxtiyar Vahabzadə və Zahid Xəlilov küçələrindəki qanunsuz inşaat işləri barədə nə düşünür? İnanmaq istərdik ki, komitə tezliklə öz prinsipial mövqeyini ortaya qoyacaq!
P.S. BDU-ya gedən küçələrin səkilərini zəbt etməyə heç kimin nə hüquqi, nə də mənəvi haqqı var. Hörmətli məmurlar! Gəlin, bu həqiqəti unutmayaq.
Kəmalə ABDİNOVA
XQ