Azərbaycan Dövlət İqtisad Universitetinin reallaşdırdığı “Gələcəyin tədqiqatçıları” adlı qrant layihəsi uğurla yekunlaşıb.
UNEC Tədqiqat Fondu tərəfindən maliyyələşdirilən və UNEC Empirik Tədqiqatlar Mərkəzi tərəfindən icra olunan layihənin yekun hesabat tədbirində universitet rəhbərliyi, müəllim-tələbə heyəti ilə yanaşı, AMEA-nın müxbir üzvü, tanınmış elm xadimi, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti professor Rafiq Əliyev də iştirak edib.
Rektor Ədalət Muradov UNEC-də elmi fəaliyyətlə bağlı görülən işlərdən və stimullaşdırıcı tədbirlərdən söz açıb.
O, “Gələcəyin tədqiqatçıları” layihəsinin elmə marağının artırılması, onlara tədqiqat aparmaq, eləcə də nüfuzlu elmi jurnallarda məqalə yazmaq bacarığının aşılanması məqsədilə reallaşdırdıldığını diqqətə çatdırıb.
Sonra bildirilib ki, layihədə 19 tələbə müxtəlif istiqamətləri əhatə edən mövzular üzrə tədqiqatlar aparıb. Layihənin proqramı və qiymətləndirmə meyarlarını Böyük Britaniyanın Qlazqo Universitetində təhsili alan və ETM-nin rəhbərinin müavini Nicat Muradzadə hazırlayıb. Layihə çərçivəsində tələbələrə mentorluq dəstəyi də göstərilib.
Tanınmış elm xadimi, professor Rafiq Əliyev UNEC-də elmi fəaliyyətin artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib: “İqtisad Universitetində illər öncə elmi tədbirlərdə iştirak etsəm də, həmin dövrlərdə Web of Science, Scopus kimi bazalarda elmi məqalələrin dərc olunması ilə bağlı müzakirələrin aparılmasının şahidi olmamışam. Son illər UNEC-də bu istiqamətdə görülən işlər və əldə olunan nəticələr məni çox sevindirir”.
Sonda layihənin iştirakçılarına sertifikatlar təqdim olunub.
XQ