Davamlı yağıntılar bölgələrdə fəsadlar yaradıb
Ölkə ərazisində son günlər atmosfer təzyiqinin kəskin dəyişməsi səbəbindən uzun sürən yağışlar baş verir. Nəticədə, bir çox bölgələrdə sel və daşqınlar yaranaraq, əhaliyə və iqtisadiyyata ziyan vurur.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qeyd edib ki, son günlər ölkə ərazisində düşən yağıntının miqdarı əksər bölgələrdə normadan xeyli çox olub. Xidmət rəisi, həmçinin bildirib ki, iyun ayı yüksək temperatur rejimi ilə fərqlənib. Belə ki, ay ərzində havanın temperaturu 28 gün normadan yüksək olub. Lakin ayın sonuna doğru soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində ötən günlərlə müqayisədə temperatur bir qədər enib və 2 gün normadan aşağı olub.
İyul ayının ilk günlərində də bölgələrdə yağıntılar olub. İyulun 2-də bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı Gədəbəydə 33 mm, Daşkəsəndə 13 mm, Ordubad, Göygöldə 9 mm, Sədərəkdə 7 mm, Gəncə, Şərurda 6 mm, Tovuz, Şəmkir, Qax, Balakən, Zaqatala, İsmayıllı, Göyçay, Goranboy, Şəki, Xaltan, Kürdəmir, Lerik, Ceyrançöl, Naftalan, Şahbuz, Naxçıvan, Beyləqan, Mingəçevir, Yevlaxda 3 mm olub.
Dünən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub. Bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədi ilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
İyulun 1-də intensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmiləri subasmaya məruz qalıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə həmin əraziyə cəlb edilib.
Hazırda FHN-in Muğan Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir.
Fəsadlar Cənub bölgəsindən də yan ötməyib. İyunun 3-cü ongünlüyündə dağlıq və dağətəyi ərazilərdə leysan xarakterli, intensiv və güclü yağışlar yağıb, şimşək çaxıb. Astarada Pensərçay məcrasını dəyişib, çay kənarı evlər üçün təhlükə yaranıb. Astara rayonun Siyəkü kəndi ərazisində Pensərçay çayı 40 metrəyə qədər məcrasını dəyişib, sahilboyu ərazidə yerləşən 30 nəfər kənd sakinin həyətyanı torpaq sahəsinin 5-7 metr enində olan hissəsini yuyaraq aparıb, arı ailələri, ev quşları, sitrus və meyvə ağaclarına ziyan vurub.
Liəzi kəndində uzunluğu 8 metr, eni 4 metr, Siyakeş kəndində uzunluğu 12 metr, eni 4 metr və uzunluğu 8 metr, eni 4 metr, Şağlazüzə uzunluğu 8 metr, eni 4 metr olan, ümumilikdə, 4 ədəd dəmir konstruksiyadan olan avtomobil körpülərini yarasız hala salmış, Viləşə, Bili, Çüvaş və Miki kəndlərində çınqıl örtüklu avtomobil yollarına ziyan dəyib. Kijəbə-Maşxan kəndlərarası avtomobil yolunda torpaq sürüşməsi nəticəsində yol bağlanıb.
Sakinlər deyirlər ki, həmin gecə Pensərçayda suyun səviyyəsi 5 metrə kimi qalxıb və su həyətlərə dolub, çay kənarı evləri basıb. Sel suları vətəndaşların həyətində sitrus, meyvə ağaclarını da aparıb. Təbii fəlakət Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 7 tədris ocağına ziyan vurub.
Lerikdə də güclü qasırğa və dolu ciddi fəsadlar törədib. Lənkəran–Lerik avtomobil yolu uçqun səbəbindən bağlanıb, yolun 30, 32, 34, 35 və 37 kilometrliyində sel sularının gətirdiyi qum, çınqıl, ağac və qaya parçaları və torpaq kütləsi yolu bağlayıb. 52 saylı Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətinin ağır texnikaları və canlı qüvvəsi yolun açılmasına cəlb edilərək yolda hərəkət qismən bərpa olunub.
Bir neçə gün ərzində rayon icra hakimiyyəti, ərazi icra nümayəndələri, bələdiyyə qurumları və yol istismar sahəsinin köməkliyi ilə Lənkəran–Lerik və ərazilərə gedən bütün avtomobil yollarına gediş-gəliş tam təmin edilib, yollar daş, qum, çınqıl, palçıqdan təmizlənib.
Dolu və qasırğa infrastruktura, təsərrüfatlara ciddi ziyan vurub. Şəhərin müxtəlif yerlərində 598 kvadratmetr istinad divarları uçub, 370 kvadratmetr asfalt örtüyü dağılıb, dam örtüklərinə zərər dəyib. Taxılçılıq, tərəvəzçilik sahələri yararsız hala düşüb. Torpaq sürüşməsi isə Lerik-Lənkəran magistralının 37-ci kilometrində – Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə əsasən, hazırda bərpa işləri davam edir.
Vətəndaşların yaşayış evlərinə, fərdi təsərrüfatlarına, əkin sahələrinə, o cümlədən sosial obyektlərə dəymiş ziyanın dəqiq müəyyən edilməsi və aradan tam qaldırılması üçün komissiyası tərəfindən iş davam etdirilir.
Sinoptiklər bildirirlər ki, rayonlarda müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 3-ü axşamadək davam edəcək. Həmin gün Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru yağıntı tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 29-34° isti, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacağı bildirilir.
Əli NƏCƏFXANLI,
Pünhan ƏFƏNDİYEV,
Məsaim ABDULLAYEV
XQ