Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası iyunun 24–25 tarixlərində Gədəbəydə tibbi aksiya keçirib. Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr edilmiş aksiyanın keçirilməsində əsas məqsəd rayon sakinlərini operativ şəkildə müayinə etmək, görmə patologiyalarının erkən aşkarlanmasına nail olmaq və göz xəstəliklərindən yarana biləcək potensial problemlərin qarşısını almaqdır. Qeyd edək ki, belə tibbi aksiyalar çərçivəsində bölgə sakinlərinə heç yerə getmədən birbaşa səhiyyə xidmətləri təqdim edilir.
Aksiyada şəhid ailələri, qazilər, aztəminatlı ailələr tibbi müayinədən keçiblər. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov aksiyada iştirak edib və bu təşəbbüsə görə mərkəzin həkimlərinə minnətdarlığını bildirib. Səyyar klinika tərəfindən keçirilən bu aksiyaların cəmiyyətin həssas qruplarına səhiyyə dəstəyinin göstərilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Aksiyanın 1-ci günü 123 nəfər müayinə olunub. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunub. Ehtiyacı olan şəhid və qazi ailələri eynək və dərmanla təmin olunub.
Tibbi aksiyanın əsas məqsədi Gədəbəy rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr üçün tibbi xidmət göstərməkdir. 2 günlük səyyar oftalmoloji müayinələrin keçirilməsi vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşların müayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasına kmək edib. Qeyd edək ki, 2 gün ərzində 250-ə yaxın müraciət edən sakinin göz müayinəsi aparılıb və aşkarlanan problemlərlə bağlı tədbir görülüb.
Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildiriblər ki, mərkəz tərəfindən paytaxt və respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə və müalicə olunmasını təşkil etməkdir. Bundan başqa, Səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar klinikası da fəaliyyətə başlayıb.
Mərkəzin həyata keçirdiyi tədbirlər daima artır və yeniliklərə imza atılır. Buna misal olaraq, deyə bilərik ki, mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur.
Hazırda dünyada 7,8 milyard insandan 2,2 milyard insan görmə zəifliyi və görmə qabiliyyətinin tamamilə itirilməsindən əziyyət çəkir. Bu rəqəm hər il artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Mərkəzin əsas prioriteti respublikada korluğun qarşısının alınması üçün tədbirlər görməkdir.
Müayinələr mərkəzin həkimləri Tərlan Əliyeva Lamiyə Həsənzadə tərəfindən həyata keçirilib. Ümumiyyətlə, tibbi aksiyada MOM-nin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, səyyar klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin işçisi Leyla Qurbanova və klinikanın sürücüsü Vasif Nəsirov iştirak ediblər.
Zərifə HÜSEYNOVA
XQ