Naxçıvanda qarşıdakı aylarda suvarma suyu baxımından heç bir çətinlik olmayacaq

post-img

Bu il yağıntılı il kimi qeydə alınıb. Çay su ehtiyatlarının çoxluğu, əkin sahələrinin suvarılmasına, eləcə də su anbarlarına su yığılmasına öz töhfəsini verib. Muxtar respublika ərazisində artıq birinci suvarma qurtarıb, ikinci suvarma da yekunlaşmaq üzrədir. Bu dövrdə suvarma üçün su anbarlarına toplanmış sulardan demək olar ki, istifadə olunmayıb.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifələrinin müvəqqəti icraçısı, sədr müavini Malik Rzayev söyləyib.

O deyib: “İlin əvvəlindən muxtar respublika üzrə su istifadəçilərinə 85,67 milyon kubmetr su verilib və bunun müqabilində 69 min 360 hektar sahə suvarılıb. Ümumiyyətlə, muxtar respublikada ümumi layihə gücü 301,15 milyon kubmetr olan 30 su anbarı və sututarları mövcuddur. Bu il 4 iyun tarixinə su anbarlarında 287,29 milyon kubmetr su ehtiyatı var. Keçən ilin müvafiq dövründə isə 129,95 milyon kubmetr su ehtiyatı olub. Əsas su anbarlarında və göllərdə olan su ehtiyatı bizə deməyə imkan verir ki, Naxçıvanda qarşıdakı aylarda suvarma suyu baxımından heç bir çətinlik olmayacaq”.

“Lakin su istifadəçiləri də çalışmalıdırlar ki, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə etsinlər. Çünki cari ildə su ehtiyatlarının çoxalmasının əsas səbəbi yağıntının çox olması idi. Növbəti illərdə də yağıntıların belə bol olmasının zəmanəti yoxdur. Ona görə də çalışmalıyıq ki, hazırkı vəziyyəti dəyərləndirək və növbəti suvarma mövsümündə sudan səmərəli və qənaətlə istifadə edək”, - deyə agentliyin sədr müavini əlavə edib.

Sosial həyat