(yaşantı)
O gün Dənizkənarı parka gəzməyə getmişdim. İstədim əvvəl Fikrət müəllimlə görüşüm. Kukla Teatrının yanından gündoğara dönüb, az getmişdim ki, kabab iyi vurdu məni. Umsundum...
Sonra qarşıma gözəl, yarrı-yaraşıqlı bir xanım çıxdı. Mənə maraqlı gələn bu idi ki, xanım balaca iti ilə xarici dildə danışırdı. Dediklərini tam anlamasam da danışığının bir qədər əsəbi tərzdə olmasından hiss elədim ki, it ictimaiyyət arasında xoşagəlməz hərəkət eləyib və bu səbəbdən xanım onu danlayır. Qadın deyindikcə it arabir sahibinə baxıb hürürdü. Deyəsən, it xanımın bəzi fikirləri ilə razılaşmırdı.
Məşhur “Mirvari” restoranından bir abzas o yana iki kişi yolun ortasında bərk mübahisə edirdi. Biri deyirdi ki, ə, sənin Bakıdan “xavar”ın yoxdu. İnanmırsan, internetdə yoxla, indi paytaxtın ərazisi 2100 kvadratkilometrdən çoxdur. O biri kişi isə deyirdi ki, sən nə danışırsan, olsa-olsa 1500 kvadratkilometr olar...
Birinci əlinə fürsət keçdiyini yəqin edib:
– Sən deyən 20 il əvvəlin göstəricisidi...Gəl, belə eləyək, uduzan yaxşı bir qonaqlıq versin, – deyərək mübahisəni yeyib-içməklə yekunlaşdırmaq istədi. Mən də istədim onlara deyim ki, ay qardaşlar, niyə mübahisə eləyirsiz, gəlin, gedək Fikrət müəllimdən soruşaq. O kişi Nikolayı taxtda, Çörçilli qundaxda görüb, özü də Bakıda doğulub-böyüyüb, tarix müəllimidi. Gördüm yox, mübahisəyə qoşulmaq yersizdi.
Orta məktəbdə bizə tarix dərsini Fikrət müəllim deyirdi. Ucaboy, ciddi bir insan idi. Səliqəli geyinər, saçlarını geriyə darayardı. Hələm-hələm gülməzdi. Mühazirələrinin sonunda arabir: “Tarixdən dərs almaq lazımdır. Bunu etməyənlər tez-gec peşman olurlar” – cümlələrini işlədərdi. O, daxilən zəngin insan idi. Tarixlə yanaşı, klassik ədəbiyyatı, musiqini, rəssamlığı yaxşı bilirdi. Övladı olmadığından şagirdlərini daha çox sevirdi və “sizlər mənim övladlarımsız”,- deyirdi. Biz də onun vurğunu idik....
İllər ötdü. Universitetin son kursunda oxuyanda təhsil aldığım 1 saylı fizika-riyaziyyat, kimya-biologiya təmayüllü məktəbə (indi informatika liseyi adlanır) getmişdim. Əvvəlcə sinif rəhbərimiz Firəngiz müəllimlə görüşdüm. Digər müəllimlərimizi də soruşdum. Fikrət müəllimin adını çəkəndə Firəngiz xanım bir qədər susdu... Başa düşdüm ki, sevimli müəllimim dünyasını dəyişib. Elə kövrəldim ki... Çünki o, bir müəllim və gözəl insan kimi mənim ürəyimdə taxt qurmuş, heykəlləşmiş adamdı.
Üç-dörd il əvvəl, payızın küləkli günlərinin birində Dənizkənarı parka getmişdim. Gördüm ki, gözəl bir yerdə yaşlı bir kişi heykəli var. Yaxınlaşıb diqqətlə baxdım, necə də Fikrət müəllimə oxşayırdı...Salam verib, əlini tutdum. Ürəyimdə yeniyetmə çağlarıma, ilğıma dönən illərə qayıtdım... Elə bildim, Fikrət müəllim indicə sual verəcək ki, Ukrayna-Rusiya müharibəsinin başlanma səbəbləri hansılardı? Amma sual vermədi. Mənə elə gəldi ki, müəllimim nədənsə narahatdı. Ağlıma gələn bu oldu ki, bəlkə kişinin pensiyasını kəsiblər, ya uzaqda gələn o gəmidə qonağı, dostu var, onu gözləyir...
Ondan sonra nə vaxt parka getsəm mütləq müəllimimə baş çəkir, hal-əhval tutur və dərdi-dil eləyirəm. Məncə heykəli elə belə düzəltmək yaxşıdı ki, istəyən dost-tanış salam verib, əl tuta bilsin.
O gün Fikrət müəllimin “qonaqları” çox idi. Uşaqlar onu əhatə edib, növbə ilə şəkil çəkdirirdilər. Buna görə də salam verib keçdim və ləpədöyənə getdim. Gördüm ki, Xəzər ötən ilə nisbətən xeyli geri çəkilib. Bir-iki yerdə hətta adacıqlar üzə çıxıb. Bəlkə də bəzi işbazlar artıq həmin adaları alıblar və tezliklə istirahət obyektləri tikdirəcəklər. Görək Xəzərin səviyyəsinin enməsi bu dəfə neçə il çəkəcək? Məlumat üçün deyim ki, beş Xəzəryanı ölkədən bu dənizlə ən uzun sərhədi olan Azərbaycandır. Özü göl, dərdi dəniz olan bu unikal su hövzəsi bizim həm sağlamlıq, həm də sərvət mənbəyimizdir...
Sahildə müxtəlif ağaclar qol-boyun dayanmışdılar – elə bil mənim gəlişimi gözləyirdilər. Xatırladım, o ağacların çoxunu illər əvvəl Bakı şəhər meriyasının çağırışına qoşulan media nümayəndələri əkmişdilər. O ağacəkmə tədbirində mən də fəal iştirak etmişdim. O vaxtlar, səhv etmirəmsə, 2004, ya da 2005-ci ilin martın əvvəlləri idi.
Dənizkənarı parkın yenidən qurulmasına başlanılmışdı. Çünki Xəzərin səviyyəsinin yüksəlməsi nəticəsində şor su yaşıllıqların xeyli hissəsini qurutduğundan sahildə kölgələnməyə az ağac qalmışdı. Böyük narahatlıq vardı. Bəziləri deyirdilər ki, belə getsə, dəniz Qız qalasınadək qalxacaq. Amma xəzərşünaslar bunun əksini söyləyirdilər və elə onların fikri də özünü doğrultdu. Sahildə geniş yaşıllaşdırmanın aparılması da əsasən bununla bağlı idi.
Qarşımdakı ağaclara baxdıqca həm sevinir, həm də utanırdım. Çünki, ötən illər ərzində nə yayın qızmarında, nə də qışın dodaq yalayan şaxtasında mən bir dəfə də olsun onların necəliyini yoxlamamışdım. Mənə görə, bu, övladını küçəyə buraxıb, onun taleyi ilə maraqlanmamaq kimi bir işdi. İllər ötür və günlərin bir günü taleyin ümidinə buraxdığın o uşaq boylu-buxunlu bir insan kimi qarşına çıxır və sən... Bəli, belə demək olarsa, mən vəfa borcumu yerinə yetirməmişdim və içimdə bunun xəcalətini yaşayırdım... Gərəkdir mənim kimi vəfasızlar mühakimə edilsinlər ki, ibrəti-aləm olsun.
Təxminən, on il əvvəl ilıq yaz günü baş verənləri bir daha xatırlamağa çalışdım və qəfil yadıma Hacıbala müəllim düşdü. Çünki o günün əsas qəhrəmanı Hacıbala Abutalıbov idi... Özüm özümə dedim, görəsən Hacıbala müəllim indi haradadı, neynir?
Bu jurnalistlər də çox vəfasız tayfa imiş, son vaxtlar kişidən bir xəbər vermirlər. Hər nəyi olsa da, Hacıbala müəllim yenilikçi idi – şəhərdə köhnə nə görürdü sökdürürdü, təmizlətdirirdi, fəvvarələr tikdirirdi, binaların üzünü qaşıtdırırdı...
Qapısı da çox vaxt jurnalistlərin üzünə açıq idi. Deyirdi ki, məni tərifləməyin, tənqid edin. O vaxtadək jurnalistlər heç bir məmurdan belə söz eşitməmişdilər. Buna görə də bəzi yazarlar fürsət bilib Hacıbala müəllimi qaralamağa çalışırdılar...
İlıq bir yaz günü gördüklərim və xatırladıqlarım mənə çox şey verdi. Unutsaq da, unutmasaq da hər gün bir xatirədir. Amma günlər o zaman tarix olur ki, hər şey doğru, düzgün yazılır.
Səməd MƏLİKZADƏ