Qırğızıstanda 28 May–Müstəqillik Gününə həsr olunan tədbir keçirilib

post-img

Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki “Novotel” mehmanxanasında 28 May–Müstəqillik Gününə həsr olunmuş  rəsmi qəbul keçirib.

Tədbirdə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, hökumətin üzvləri, ictimai-siyasi dairələrin təmsilçiləri, səfirlər, digər diplomatlar, Azərbaycan və Türk diasporunun, yerli ictimaiyyətin və KİV nümayəndələri iştirak ediblər.

Jeenbek Kulubayev Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edərək ən xoş arzularını bildirib. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən nazir hazırda ölkələrimiz arasındakı strateji əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Bununla yanaşı nazir Azərbaycanın surətlə inkişaf etdiyini və dünyanın güclü dövlətlərindən birinə çevrildiyini söyləyərək, Qırğızıstanın Azərbaycanın bu uğurlarına sevindiyini bildirib. Bu mənada Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsinin böyük bir tarixi hadisə olduğunu söyləyərək ölkəmizə yeni uğurlar arzulayıb.

Daha sonra nazir ikitərəfli münasibətlərin son üç ildə yüksək inkişaf mərhələsinə keçdiyini bildirərək Qırğızıstan prezidentinin bu ilin aprel ayında Azərbaycana səfərinə toxunub, səfərin tarixi xarakter daşıdığını, yüksək səviyyədə keçdiyini, ciddi razılaşmalar əldə olunduğunu və əməkdaşlıq istiqamətində çox sayda sazişlərin imzalandığını söyləyib.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov bildirib ki, müsəlman şərqində ilk demokratik respublikanın 106 il əvvəl Azərbaycanda qurulduğunu, Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, dövlətçilik tariximizdə özünəməxsus yer tutub. Bu müddət ərzində ilk dəfə olaraq demokratik əsaslarda parlament, ordu, bank, milli universitet yaradılıb, qabaqcıl Avropa ölkələrindən öncə qadınlara seçki hüququ verilib. 1919-cu ildə Paris konfransında isə Millətlər Liqası tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin tanınmasına nail olunub. XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ötən müddət ərzində böyük inkişaf yolu keçib, müasir güclü və nüfuzlu dövlətlərdən birinə çevrilib.

Səfir deyib ki, XX əsrin əvvəlində olduğu kimi Azərbaycan yenidən Ermənistan tərəfindən etnik təmizləmə, torpaq iddiaları ilə qarşılaşıb, işğala məruz qalıb. Nəticədə Ermənistanda yaşayan üç yüz minə yaxın soydaşımız öz evlərindən və torpaqlarından qovulub. Bundan başqa Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal edilib, nəticədə 1 milyon azərbaycanlı öz torpağında qaçqına çevrilib.  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin uzun illər icra edilməməsi ilə qarşılaşan Azərbaycan güclü ordu yaradaraq 2020-ci ildə 44 günlük müharibədə öz ərazilərini azad edib, suverenliyini və ərazi bütünlüyünü bərpa edib. 

İşğalla üzləşməyimizə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm irimiqyaslı layihələrə imza atılıb. Qərb ilə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycan dünyanın mühüm enerji və nəqliyyat mərkəzinə çevrilib. Bu amillər Azərbaycanda güclü iqtisadiyyat və ordunun yaradılmasına əsas verib.

Səfir qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada ən çox mina ilə çirklənən ölkələr sırasına  düşüb və 2020-ci ilin noyabr ayından bu günə kimi 400-dən çox azərbaycanlı minaya düşərək həlak olub. İşğal nəticəsində şəhərlərimiz və kəndlərimiz tamamilə dağıdılıb, hazırda bu torpaqlarda bərpa-quruculuq işləri aparılır.  Səfir bildirib ki, keçən 30-32 il ərzində Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olub, lakin mövcud ikili standartlar buna yol verməyib. İndi isə Azərbaycanın təşəbbüsü ilə ikitərəfli əsasda danışıqlar prosesi davam edir, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinə başlanıb. Azərbaycan həmişə ulu öndər Heydər Əliyevin “Sülh və dinc Qafqaz” təşəbbüsünə sadiqdir.

Azərbaycanın son 20 il ərzində mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən  danışan səfir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsini öz üzərinə götürdüyünü, tədbirin başlanmasına bir ildən az vaxt qalmasına baxmayaraq ölkəmizdə görülən ciddi işlərə dair ətraflı məlumat verib. 

Qırğızıstanla ikitərəfli münasibətlərə toxunan L.Qəndilov 2024-cü ilin aprel ayında Prezident Sadır Japarovun Azərbaycana səfərinə toxunaraq görüşlər zamanı əldə olunan razılaşmalar nəticəsində ölkələrimiz arasında mövcud münasibətlərin yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib. O bildirib ki, hazırda real iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun büdcəsi 25 milyondan 100 milyon ABŞ dollarına qədər artırılıb. 

     Bu münasibətlə keçirilən ziyafətdə böyük bəstəkarlarımız Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Tofiq Quliyevin musiqiləri səslənib, Bişkekdəki “Ləzginka” rəqs qrupunun, “Manas” Universiteti musiqiçilərinin ifasında “Çırpınırdı Qara Dəniz” və digər mahnılar səslənib, rəqslərimiz ifa edilib. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Bişkek

 

 











Sosial həyat