Astronomlar Yerə bənzər və həyat üçün uyğun olan ekzoplanet kəşf ediblər. Bu barədə Yeni Cənubi Uels Universitetinin (Avstraliya) alimləri məlumat veriblər.
Bildirilib ki, ekzoplanet Günəşdən 40 işıq ili uzaqlığında yerləşir və orada yaşamaq üçün potensial şərait var. TESS teleskopu planetin “Gliese 12” ulduzunun diski üzərindən 3 dəfə keçdiyini müşahidə edib. Bu ulduz Günəşdən, təxminən, 4 dəfə kiçik və səthinin temperaturu ondan 60 faiz aşağıdır. Yeni ekzoplanet “Gliese 12 b” adlandırılıb.
“Gliese 12 b” planeti 12,7 Yer günündə ulduz ətrafında tam dövr edir və onun radiusu, təxminən, Yerinkinə bərabərdir. Kütləsi isə Yerdən bir qədər yüngüldür (planetimizin 0,88 kütləsi qədər).
Bu,o deməkdir ki, ekzoplanetdə 1 il təqribən 13 gündür. Onun səthində orta temperatur 42 dərəcə Selsi ətrafında dəyişir. Bu da indiyədək Günəş sistemindən kənarda aşkar edilmiş 5 min ekzoplanetin əksəriyyətinin səthindəki temperaturdan aşağıdır. Belə şərtlər planetdə mümkün həyat izlərini axtarmaq üçün son dərəcə cəlbedicidir.
Alimlər əmindir ki, planetin atmosferi var. Hazırda onları atmosferin sıx, yoxsa seyrək olması maraqlandırır. Məsələn, Yerin ətrafındakı atmosfer seyrəkdir və həyat var. Belə olan halda ekzoplanetdə də həyatın varlığından danışmaq olar. Əksinə, ekzoplanetin ətrafında sıx atmosferin olması həyatın yaranma şansını azaldır. Buna ən yaxşı nümunə Veneradır. Sıx atmosfer və istixana effekti orada həyatı məhv edir. Hətta bu vəziyyət qurğuşunun əriməsi üçün şərait yaradır.
Alimlər kosmik teleskopdan istifadə edərək “Gliese 12b”nin atmosferi ilə bağlı məsələyə aydınlıq gətirməyə ümid edirlər.
PÜNHAN
XQ