Bağışlanmaq məhkuma özünüislah qapısı açır

post-img

Prezident İlham Əliyev humanizm prinsiplərinə söykənərək Müstəqillik Günü ərəfəsində – mayın 25-də sayca 70-ci əfv sərəncamını imzaladı. Bununla döv­lət başçısı müstəqil dövlətimizdə insan hüquq və azadlıqlarına yüksək dəyər verildiyini bir daha bütün dünyaya nümayiş etdirdi. 

Dövlət başçısının əfv sərəncamına əsasən, mayın 26-da azadlıqdan məh­rumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilmə­miş hissəsi yarıyadək azaldılıb. Növbəti humanist aksiya təxirəsalınmadan icra edilib. 28 May Müstəqillik Günü münasi­bətilə verilmiş əfv sərəncamının icrasına Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsindən başlanılıb. Prosesi izləyən media təm­silçiləri qrupunun tərkibində cəzaçəkmə müəssisələrində olmuş XQ-nin əməkdaşı azadlığa buraxılanlarla görüşüb, onların dinc həyata qayıdış duyğu-düşüncələrini qeydə alıb.

Əfv olunanlar arasında Gülüş Fətə­liyeva da var idi. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçək­mə müəssisəsindən azadlığa buraxılırdı. Jurnalistlərlə söhbətində G.Fətəliyeva Cinayət Məcəlləsinin 120.1-ci maddə­si ilə məhkum olunduğunu bildirdi: “9 il cəza almışdım, bunun 6 ili arxada qalıb. Prezident İlham Əliyevin əfv sərəncamı ilə 3 il tez azad olundum. Mənim üçün gözlənilməz oldu. Azadlığa çıxacağımı eşidəndə elə bildim ki, yenidən doğul­muşam. Bu bağışlanma mənə həmişə­lik dərs oldu. İnsan azadlığının qədrini bilməli, cinayət törətməməlidir. Bu əfv bağışlanmış məhkumlar üçün həyat şan­sıdır”. Azadlığa buraxılan qadın humanist yanaşmaya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi: “3 övladıma və ailəmə vaxtından əvvəl qovuşuram. Cə­zanın 1 gün dinc həyatı 1 ili qədər uzun olur. Bu baxımdan mənə bütöv bir ömür bağışlanıb. Buradan çıxan kimi ilk gedə­cəyim yer övladlarımın yanıdır. Onlara ilk sözüm bu olacaq ki, heç vaxt mənim səhvimi təkrarlamasınlar. Əfv olunmaq bu mənada bütün cəmiyyət üçün huma­nizm dərsidir”.

Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində də sürətlə icra olundu. Bu cəzaçəkmə müəssisəsində əfv sərən­camı 9 nəfərə şamil edilib. Onlardan 7-si azadlığa buraxılanlar, 2 nəfəri isə cəza müddəti azaldılanlardır. Azadlığa çıxan 2 nəfər Türkiyə, 2 şəxs isə Əfqanıstan vətəndaşıdır. Azad həyata qayıdan­lar arasında Orxan Yolçuyev də var idi. Orxanı qarşılamağa gələn doğmaları bu mərhəmət aksiyasına görə Azərbaycan Prezidentinə təşəkkür etdilər. 

Prezident İlham Əliyevin imzaladı­ğı əfv sərəncamı ilə azadlığa buraxılan daha bir məhkum Emin Tağıyev isə jur­nalistlərə müsahibəsi zamanı dedi: “Ba­ğışlanmaq insanı düşünməyə vadar edir. Bu özünüislah üçün yaradılan humanist imkandır. Bundan nəticə çıxarıb daha səhv etməyəcəyəm, cinayətdən birdəfə­lik uzaq olacağam. Prezident İlham Əli­yevə təşəkkür edirəm ki, bizim vaxtından tez azadlığa buraxılmağımız üçün əfv sərəncamı imzaladı. Mən dövlətimizin humanizminə, dövlət başçısının mər­həmətinə inanırdım”.

Əfv sərəncamının şamil olunduğu Türkiyə vətəndaşı Mehmed Sağır da Azərbaycan Prezidentinə təşəkkür etdi: “Mənə 3 il cəza vermişdilər. Özüm TIR sürücüsüyəm. Moskvaya gedərkən sər­həddə həbs olunmuşdum. Ölkə baş­çısına təşəkkür edirəm ki, məni də əfv edərək ailəmə qovuşdurdu”.

Sərhədi qanunsuz keçdiyinə görə həbs edilən əfqanıstanlı məhkum Mo­hammad Ayaz Raja isə dedi ki, cəzasının 1 il 4 ayını cəzaçəkmə müəssisəsində keçirib. Qalan 8 ayı əfv edildi. Buna görə Azərbaycan Prezidentinə minnətdardır.

Əfv sərəncamının icrasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da iştirak edirdilər. Səbinə Əliyeva əfv sərəncamının icrası prosesi ilə bağlı təşkil olunmuş mərasimdə azad həyata qayıdanları əfv olunmaları münasibətilə təbrik etdi. O, 28 May Müstəqillik Günü ərəfəsində əfv sərəncamının imzalanma­sının ölkəmizdə insan hüquq və azadlıq­larına göstərilən diqqətin daha bir təza­hürü olduğunu bildirdi. Ombudsman əfv olunanları bundan sonra qanunlara hör­mətlə yanaşmağa, ölkəmiz üçün faydalı olmağa, dövlətçiliyimizə sadiq qalmağa çağırdı. Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəis müavini Nəvai Əlizadə qeyd etdi ki, indiki sərəncam 150-dən artıq şəxsi əhatə edir. Əfv sərəncamın­da cəza çəkənlərin şəxsiyyəti, cinayət əməlinin xarakteri və onların davranışları nəzərə alınıb. 

Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri uzaq düşdükləri doğmalarına göstərilən hu­manistliyə görə dövlət başçısı İlham Əliyevə dönə-dönə minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər əfv olunan şəxs­lərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını və Azərbaycan dövlətinin qanunlarına ardıcıl əməl edəcəklərinə əminliklərini bildirdilər.

Ayşən AZADOVA 
XQ





Sosial həyat