Azərbaycan jurnalistikasına, elmi-mədəni ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Jurnalistlər Birliyinin katibi, Bakı Dövlət Universitetinin professoru, tanınmış türkoloq, Əməkdar jurnalist Ramiz Əskər ömrünün 70-ci ilində kəskin ürək çatışmazlığından dünyasını dəyişib.
Ramiz Baxşəli oğlu Əskər 1954-cü ildə Qərbi Azərbaycanın Gümrü bölgəsinin Qaraçanta kəndində doğulub, orta təhsilini burada alıb. O, 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1975-ci ildən ali təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirib. 1978-ci ildə yüksək ixtisaslı jurnalist kimi Azərbaycana qayıdan Ramiz Əskər 1983-cü ilədək “Azərbaycanın səsi” radiosunda redaktor işləyib. Sonrakı illərdə o, Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız, alman dillərində çıxmış “Azərbaycan bugün” jurnalının və latın, kiril, ərəb əlifbaları ilə buraxılmış “Odlar yurdu” qəzetinin baş redaktoru kimi ölkəmizin xaricdə tanıdılması, Azərbaycan diasporunun Vətənlə əlaqələrinin güclənməsi sahəsində mətbu sözün təsirinin artırılmasına jurnalist töhfəsini verib.
Ötən dövrdə beynəlxalq jurnalistika sahəsində təcrübəli media mütəxəssisi kimi yetişmiş Ramiz Əskər müstəqilliyin ilk illərində Türkiyənin “Hürriyət” qəzetinin, bu ölkənin Beynəlxalq Xəbər Agentliyinin və “Yeni forum” jurnalının Azərbaycan üzrə müxbiri olub. Həmkarımız 1993–1997-ci illərdə Xarici Turizm Şurasının idarə rəisi, “XXI əsr” qəzetinin baş redaktoru, “Xalq qəzeti” baş redaktorunun müavini vəzifələrində çalışıb, Azərbaycan Jurnalistlər Birliyinin katibi seçilib.
Sonrakı illərdə elmi fəaliyyət sahəsinə keçən tədqiqatçı-jurnalist 2003-2006-cı illərdə Bakı Dövlət Universitetinin türkologiya kafedrasında çalışıb. Filologiya üzrə namizədlik və dokorluq dissertasiyaları müdafiə etmiş türkoloq Azərbaycan və rus dillərində türk mədəniyyət tarixi, türkologiyanın əsasları fənlərini tədris edib, “Divanü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qutadğu Bilig”, “Manas” kurslarını aparıb. O, 2007–2012-ci illərdə BDU filologiya fakültəsində bədii tərcümə elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.
Professor Ramiz Əskər 2012-ci ildə türk xalqları ədəbiyyatı, 2016-cı ildə isə türkologiya kafedralarının müdiri seçilib. 2023-cü ildən Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri olan alim 80-ə yaxın beynəlxalq simprozium və konfransda iştirak edib. O, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çapdan çıxmış 94 kitabın, xeyli sayda tərcümə ədəbiyyatının müəllifi kimi də tanınb.
Azərbaycan jurnalistikasının və elminin inkişafında xidmətlərinə görə Ramiz Əskər 2010-cu ildə Əməkdar jurnalist fəxri adına, 2014-cü ildə “Şöhrət” ordeninə, 2024-cü ildə II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Soydaşımız 2022-ci ildə Özbəkistanın “Dostluq” ordeni ilə də təltif edilib.
Zəngin və mənalı ömür yaşayan, jurnalistik və elmi fəaliyyəti ilə xalqımıza, bütün türk dünyasına layiqli xidmət göstərən həmkarımızın və dostumuzun dünyasını dəyişməsi onun bir çox arzu və istəklərini yarımçıq qoydu. Bu ağır itkini hədsiz kədərlə qarşılayır, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti
“Xalq qəzeti”nin kollektivi