Hər pəncərədən dünya gözəl görünmür

post-img

(yaşantı)

Gözlərinizin önünə iki çarpayılı bir palata gətirin. Hər iki çarpayıda yaşlı xəstə var. Çarpayılardan biri pəncərə qarşısında, o biri isə divarın dibindədir. Xəstələr ölüm mələyinin tezliklə onları aparacağı fikrindədirlər. Ancaq mələk haradasa gecikir və həftələr ötsə də gəlib çıxmır...

Pəncərə qarşısında yatan xəstə tez-tez bayıra baxır və gördüklərini otaq yoldaşına danışır:

– Bu gün Günəş daha parlaqdır, hər yanı əlvan rənglərə boyayıb. Axşamkı narın ya­ğışdan sonra şəhər çox gözəl görünür. Mən əvvəllər belə səhərlərdə sahilə gəzməyə gedər, dənizin sakit, qırçınlı ləpələrinə ta­maşa edər və sonra fırtınanın sahilə atdığı rəngbərəng balıqqulağıları yığardım. San­ki dəniz onları mənə pay göndərirdi. Daha sonra sahildəki qayalıqda oturub uzaqlarda görünən gəmilərə baxardım... Mənim xanı­mım gəmi ilə səyahətə çıxmağı çox sevərdi. Buna görə də biz arabir belə səfərlərə ge­dərdik. O, dünyasını dəyişəndən sonra mən sərnişin gəmilərinə sahildən baxar, özümü aldatmağa çalışardım ki, bax, o, indi həmin gəmidədir və göyərtədən mənə əl eləyir...

Gərək insan bəzən ağrılardan, sıxıntılı düşüncələrdən yaxa qurtarmaq üçün buna bənzər macəralar uydurmağı bacarsın. Onsuz da, “yüz fikir bir borcu ödəmir”, – deyirlər. Ömür-gün yoldaşım altı ildən çoxdur dünyasını dəyişib. Mənsə səhərlər süfrə hazırlayanda özüm də bilmədən bəzən iki fincana çay süzürəm, stolun üstünə iki çay qaşığı, iki bıçaq qoyuram. Xəyalımda özüm-özümə deyirəm ki, yəqin hələ oyan­mayıb, oyanan kimi gəlib mənə “sabahın xeyir” deyəcək və sonra gülümsəyərək za­rafatla: “sənin dəmlədiyin çaydan doymaq olmur ki...”, söyləyəcək. Sonra birgə ye­yib-içib işə yollanacağıq... Bu etdiklərimlə sanki onun mənimlə daim yanaşı olduğuna özümü inandırmaq istəyirəm. Axı, əslində insan cismən bu dünyanı tərk edir, ruhu isə əzizləri ilə yanaşı gəzib-dolanır. Buna görə də güclü insanlar sevgiləri ilə ölümə sanki meydan oxuyur, ömür-gün yoldaşının son nəfəsədək onunla qoşa addımladığına ina­nırlar...

– Sən qəribə adama oxşayırsan, dostum. Yaxşı, düzünü de, sən ölümdən qorxmur­san? – deyə divarın dibindəki çarpayıda uzanan xəstə soruşdu.

– Həyatda canlı olan hər şey ölümdən qorxur. Mən ən əziz insanlarımı torpağa vermişəm. Buna görə də dəfələrlə ölüb-di­rilmişəm. Allahın verdiyi canı isə O gözə­görünməzdən başqa kimsə ala bilməz. Amma cəmiyyətdə elələrilə rastlaşırsan ki, o zaman insan olduğuna da utanırsan və ya­şamağın dadı-duzu qaçır, insanlar arasında qalmaq istəmirsən.

– Kimdir o insanlar? 

– Pulun adamları. Yəni pul üçün, sərvət üçün hər cür dona girənlər. Məşhurlardan biri deyib ki, insanların çox pul qazanmaq istəməsi qorxulu deyil, pulun qazandığı adamlar isə çox qorxuludur. Axı, kim bilmir ki, pul çox şeydi, amma hər şey deyil...

– Yaxşı, yaxşı, başqa şeydən danış, ba­yırda nə var-nə yox?

– Hə, dəniz bu gün hələ ki, sakitdir. Parkda isə hələlik heç kim görünmür. Yel­ləncəklər balacaları gözləyir. Budur, dünən­ki sevgililər əl-ələ tutub gəlirlər. Oğlan əli­ni dənizə doğru uzadıb nəsə deyir. Yəqin, onu dəniz qədər sevdiyini söyləyir. Qız isə ağ buludları, göy üzünü göstərir və demək istəyir ki, mənsə səni göylər qədər sevirəm. Onlar necə də bir-birinə yaraşırlar. Hələ parkdakı rənbərəng gül-çiçəkləri görəsən, yəqin ki, yenə gül bayramına hazırlaşırlar... 

Günlər beləcə keçib gedir, ancaq ölüm mələyinin nə vaxt peyda olacağını kimsə bilmirdi. Əhvalları yaxşı olanda, ağrıları azalanda yenə pəncərə önündə yatan bayır­da gördüklərini xəstə yoldaşına danışırdı. O, bunu xəstə yoldaşının, bir gün də olsa, çox yaşaması üçün edirdi.

Bir gün pəncərə önündə yatan xəstənin vəziyyəti qəfil ağırlaşdı. Deyəsən, ürəyi tut­muşdu. Əgər palata yoldaşı düyməni basıb həkimi çağırsaydı, bəlkə də, həyata qayıda bilərdi. Amma o, bunu etmədi. Fikirləşirdi ki, yoldaşı ölsə onu pəncərənin önündəki çarpayıya keçirəcəklər və günlərlə otaq yol­daşından eşitdiklərini öz gözlərilə görəcək.

Az sonra palata yoldaşı öldü...

Ertəsi günü onu istəyilə pəncərənin qar­şısındakı çarpayıya keçirdilər. Gözlədiyi an gəlmişdi. O, həyəcanla həyatın gözəllikləri­ni görmək həvəsilə pəncərədən baxdı. An­caq...

Ancaq bayırda köhnə divardan başqa heç nə görmədi.

Bəli, dünya bir pəncərədir. Ancaq hər pəncərədən dünya gözəl görünmür.

Səməd MƏLİKZADƏ

Sosial həyat