Aprelin 30-da ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin "Odinin şifrəsi" adlı sənədli filmi nümayiş olunub.
XQ xəbər verir ki, tədbirdə çıxış edən filmin rejissoru Mikael Silkeberq UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ərsəyə gələn 50 dəqiqəlik “Odinin şifrəsi” adlı sənədli filmin Skandinaviya ilə Azərbaycan arasındakı tarixi əlaqələrdən bəhs etdiyini deyib.
Bildirilib ki, ekran əsəri həm keçmiş Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycana dörd dəfə səfər etmiş məşhur norveçli etnoqraf Tur Heyerdalın nəzəriyyəsinə əsaslanaraq lentə alınıb.
Qeyd edək ki, Mikael Silkeberq Azərbaycan və Skandinaviyanın müxtəlif tarixi yerlərini ziyarət edib, bu tarixi əlaqələrin elmi aspektlərini araşdırmaq üçün hər iki regionun ekspertlərindən müsahibələr alıb.
Filmin nümayişindən əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, tarix elmləri doktoru Məlahət Fərəcova, Azərbaycan Dillər Universitetinin Skandinaviya Mərkəzinin direktoru Vüsalə Əfəndiyeva və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov çıxış ediblər.
Qobustan və Skandinaviya arasında bənzərlikləri göstərən rəmzlər, məzarlar, petroqliflər və qayaüstü rəsmlər izləyicilərə məruzədə göstərilib.
Daha sonra “Odinin şifrəsi” sənədli filmi nümayiş olunub.