Türkiyəli dietoloq Bərna Ərtuğ qatığın faydalarından danışıb. Onun fikrincə, bu ağartı həzmi asanlaşdırır və bağırsaqların işləməsinə kömək edir. Tərkibindəki laktoza və probiotiklər sayəsində həzmlə yanaşı, orqanizmin immunitetini də dəstəkləyir.
Qatıq tərkibindəki kalsium sayəsində sümükləri gücləndirir və qoruyur. Buna görə də osteoporozun qarşısının alınmasında böyük rol oynayır. Kalsiumun ən mühüm funksiyası sümük və dişlərin sağlamlığını qorumaq və inkişafını təmin etməkdir. Odur ki, sürətli böyümə, hamiləlik və ana südü ilə qidalanma dövrlərində kalsiuma ehtiyac daha da artır. Qatıq həm də fosforla zəngindir. Fosfor isə hüceyrələrdə DNT və RNT molekullarının əsas tikinti bloklarıdır. Hüceyrədəki bütün enerji dövranını təmin edir.
Qatıq bakteriyaları B1, B2, B3 vitaminlərini sintez edirlər. Bu vitaminlər bədəni dəri sağlamlığında da dəstəkləyir. 200 qram, yəni bir kasa yarı yağlı qatıqda 36 faiz karbohidrat, 32 faiz zülal və 32 faiz yağ, orta hesabla 100 kalori var.
Dietoloq qeyd edib ki, qatıq günün hər satında istehlak edilə bilər: “Əsas yemək və ya qəlyanaltı kimi ona üstünlük vermək olar. Gündə ən azı bir kasa qatıq yeyin. Əgər başqa süd məhsulları yeyilmirsə, qatığın miqdarı artırılmalıdır. Gün ərzində süd və pendir istehlak edilirsə, gündə ən az bir kasa qatıq yemək kifayətdir”.
Z.HÜSEYNLİ
XQ