Heyvanlar da sahibsiz olmasın...

post-img

Min illər əvvəl insanlar pişik və itləri əhliləşdirərək onları vəhşi təbiətdən çıxarıb özlərinə köməkçi ediblər. Bəzi heyvanların bəxti gətirib, himayədə yaşayıblar, digərləri isə lazımsız əşya kimi küçəyə atılaraq soyuq, aclıq, susuzluq və xəstəlikdən, həmçinin yol qəzalarından ölüblər. 

Son illər bu sahədə görülən tədbir­lərə baxmayaraq sahibsiz heyvanların, xüsusən də itlərin sayının artması, insan­ların, xüsusən də uşaqların it dişləmələri nəticəsində ciddi zədə almaları halları ilə bağlı çoxlu hadisələr baş verib. On­ların arasında hətta ölüm halları da var. Cəmiyyət bu sahəyə cavabdeh olan mü­vafiq dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını günahlandırır. Onlar da öz növbəsində insanların da bununla bağlı məsuliyyət daşıdığını vurğulayırlar. 

IDEA Heyvanlara Qayğı Mərkəzinin icraçı direktoru Heyran Huseynova Kalenderlə müsahibəmiz də bu möv­zuda oldu. 

– Heyran xanım, son illər “küçə” itlərinin böyük sürü halında gəzərək insanlara hücum etmələri ilə bağlı çoxlu şikayətlər var. Sahibsiz itlərin küçələrə düşməsinə səbəb nədir? 

– Bəli, şikayətlər çoxdur və mək­təbyaşlı övladları üçün narahat olan valideynləri də qınamıram. Amma bu məsələyə birtərəfli yanaşma düzgün de­yil. Bundan bir ay əvvəl Qobuda itlərin uşağı dişləyərək ciddi xəsarət yetirmələri sanki şok effekti yaratdı. İstər sosial şə­bəkələrdə, istərsə də bəzi mətbu orqan­larında bilərəkdən, yaxud bilməyərəkdən itlər dəhşət saçan ən təhlükəli yırtıcı kimi təqdim olunurdular. Əksinə, onların canlı­lar içərisində ən ağıllı, vəfalı və sədaqətli heyvan olduğunu cəmiyyətə çatdırmaq lazımdır. İnsanlara bu qədər yaxın olan bu günahsız varlıqların elə sahibləri tərə­findən qəddarcasına küçəyə atılması, faktiki olaraq ölümə məhkum edilməsi cəmiyyət üçün ciddi siqnal olmalıdır. Tə­bii ki, sonradan yaşamaq uğrunda müba­rizə onları sürü halında gəzməyə məcbur edir. Problemlərin kökündə insanların öz heyvanlarına qarşı mərhəmətsizliyi ilə yanaşı, cəmiyyət qarşısında böyük mə­suliyyətsizliyi durur. 

– Bəziləri “həll yolu”nu sahibsiz heyvanları elə küçədə güllələməkdə, yaxud zəhərləməklə öldürməkdə gö­rürlər. Sizin bu məsələyə münasibəti­nizi bilmək istərdik. 

–Bir neçə gün ərzində küçələrdən bü­tün heyvanlar belə yığışdırılsa, qısa bir müddətdən sonra yenə də əvvəlki vəziy­yət yaranacaq. Ümumiyyətlə, küçə iti ifa­dəsini belə işlətmək düzgün deyil. Bunla­rın hamısı ev heyvanları olub, müəyyən şəxslərin məsuliyyətsizliyi ucbatından küçəyə düşüb. Bu gün sahibsiz gəzən hər bir it onu azdıraraq ölümün pəncə­sinə atan bir ailənin laqeydliyindən, bi­ganəliyindən xəbər verir. Necə deyərlər, öz ağrısını hiss edən canlıdır, başqasının ağrısını hiss edən isə İnsan. Heç kim dü­şünməsin ki, heyvanlar ayrılığın əzabını, acısını başa düşmürlər. Bu itlərin baxışla­rında çox aydın görünür. Onlar sahibləri üçün ölənə qədər darıxırlar. Sahibsiz itlə­rin küçələrdən yığışdırılması ilə bağlı küt­ləvi şəkildə şikayət edənlərin sayı artsa da, ev heyvanlarını küçəyə atanlara qarşı mübarizə aparmağı heç kim düşünmür. 

Artıq yerli itlərimizlə yanaşı, vax­tilə baha satılan müxtəlif cins itlərin də küçələrdə sahibsiz dolaşdığının şahidi oluruq. İnsanlara tövsiyə edirik ki, heyva­nı satın almasınlar, küçədən sahiblənib, onlara isti yuva versinlər. O zaman hey­van alverçiləri də satış məqsədilə ev hey­vanlarını artırmazlar. Digər bir məsələ isə budur ki, sahibsiz dolaşan heyvanların əksəriyyəti həyət evlərində yaşaya bilər. Mərkəzimiz hər kəsin üzünə açıqdır. Bizə müraciət etsinlər. Qısırlaşdırıb, vaksinlə­rini vurduqdan sonra sahib çıxa bilərlər. 

– Qayğı Mərkəzində itlərin qısırlaş­dırılması barədə məlumat verərdiniz...

– Mərkəz sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqəti steriliza­siyaya, xəstəliklərin qarşısının alınması­na yönəldib. Qısırlaşdırma əməliyyatla­rını ildən-ilə artırırıq. 2022-ci ildə 700 it əməliyyat olunmuşdusa, 2023-cü ildə 2 min 280 it qısırlaşdırılıb. Bu o deməkdir ki, həkimlərimiz daha gücləndirilmiş iş rejimində işləyirlər. Hələlik itləri qısırlaş­dırmaq aksiyasını davam etdiririk. Əmə­liyyat üçün itləri insanlar özləri gətirir, bəzən də könüllülər kömək edirlər. Bəzən isə maşın göndəririk, yığıb gətirirlər. Qı­sırlaşdırıb, quduzluğa qarşı peyvənd vu­rulur. Qısırlaşdırılan heyvanlar qızğınlığa girmirlər deyə, aqressiv olmurlar. Belə heyvanların qulağına birka vurulur ki, bu da artıq onların tam təhlükəsiz olduğunu göstərir. Yəni, cəmiyyət qorxmaya bilər. Qısırlaşdırdıqdan sonra onları əvvəlki ərazilərə buraxırıq. 

– Mərkəz, müxtəlif dövlət qurumla­rı tərəfindən, həmçinin ayrı-ayrı şəxs­lərin yaratdığı sığınacaqlar itlərin qı­sırlaşdırılması ilə bağlı çoxlu aksiyalar keçirirlər. Amma parklarda, küçələrdə birkalı itlər demək olar ki, gözə dəy­mir...

– Əlbəttə, hər heyvanın qısırlaşdırıl­ması, sağlamlığı ilə bağlı bütün tədbirlə­rin görülməsi müəyyən vəsait tələb edir. Bu, ona görə edilir ki, onlar öz həyatlarını tam sağlam, cəmiyyət üçün təhlükəsiz şəkildə, davam etdirsinlər. Buna sakin­lər də çalışmalıdırlar. Birkalı heyvanları hamı qorumalı, onlara qayğı göstərmə­lidir. Bu gün cəmiyyətimizdə heyvanların himayəsi və onlara humanist yanaşma birmənalı deyil. Elə Türkiyənin timsalın­da misal çəkək. Qardaş ölkədə hətta iri itlərin dayanacaqda rahat şəkildə otur­malarını müşahidə edə bilərsiniz. Bizdə sanki insanlarla heyvanlar arasında o qədər də sevgi yoxdur. Mərkəzimiz fəa­liyyət göstərəndən bu sevgini yaratmaq üçün bütün vasitələrdən istifadə edir. Heyvanları məhv etmək, təbiəti, dünyanı məhv etmək deməkdir. Ötən illər ərzində insanların fikirlərində müsbətə doğru də­yişikliklərin baş verməsinin şahidi oluruq. Əsasən də, heyvanların himayəyə veril­məsi prosesində bunu hiss edirik. 

– Heyvanların himayəyə verilməsi proseduru necədir?

– Mərkəzə gətirilən bəzi heyvanları himayə bölməsində yerləşdirib, qısır­laşdırırıq. Onlara daha sonra peyvənd vurulur, mikroçiplənir və gələcək sahib­ləri üçün tam hazır vəziyyətdə saxlanılır. Hər həftə 10-a yaxın ev heyvanını sahib­ləndiririk. Uşaqları ilə gələn valideynlər heyvanı götürərkən onun da ailənin bir üzvü olduğunu başa düşürlər. Himayəyə verəndə də deyirik ki, bu və ya digər sə­bəblərdən saxlaya bilməyəcəklərsə, onu küçəyə atmasınlar, mütləq bizə geri qay­tarsınlar. Allergiya və digər səbəblərdən qaytaran olsa da, bu, nadir hallarda olur. Yəni götürənlərin əksəriyyəti heyvanlara sahib çıxır. 

Bakı Zooloji Parkı ilə layihəmiz var. Hər ayın sonunda maarifləndirmə tədbiri keçirir, uşaqlarla heyvanlar arasında tə­mas yaradırıq. Küçədə yaşamağa məc­bur olan itlər onunla pis rəftar edildiyi və qorxduğu üçün aqressiv reaksiya verə bilər. Çünki əksər hallarda itlərin 7-9 yaş­lı uşaqların üzərinə hücum çəkməsinin, yaxud onları dişləməsinin şahidi oluruq. Deməli, uşaqların heyvanlarla davranı­şına dair maarifləndirmə tədbirləri daha çox keçirilməlidir. Heyvanlara qarşı qorxu hissini uşaqlardan yox etmək vacibdir. Valideynlər heyvanlarla uşaqlar arasında boşluq yaratmamalıdırlar. 

İnsanlar heyvanlara qarşı nə qədər mərhəmətli davranarlarsa, onlar da cə­miyyət üçün o qədər zərərsiz olarlar. Başqa sözlə desək, cəmiyyət heyvanlara bəslədiyi münasibətin qarşılığını görər.

Leyla QURBANOVA
XQ





Sosial həyat