Çingiz Aytmatovun “Manqurt” dastanı Milli Dram Teatrının səhnəsinə yeni quruluşda qayıdıb
Dahi rus yazıçısı L.N.Tolstoyun sözüdür: “Möhtəşəm hekayələr iki cür başlanır: ya bir insan yola çıxır, ya da bir şəhərə yad adam gəlir”. Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun dünya ədəbiyyatının incilərindən sayılan “Əsrə bərabər gün” romanında əsərin qəhrəmanı Yedigeyin (Xalq artisti Nurəddin Mehdixanlı) yola çıxması ilə başlayır. Dostu Qazanqapın (Əməkdar artist Abbas Qəhrəmanov) cənazəsini qədim yurd yeri olan “Ana-beyit”də dəfn etməkdən ötrü kənd əhli ilə birlikdə getdikləri yol onların üzünə bağlanır. Əcdadlarının uyuduğu Ana-beyitin yerində indi Baykanur kosmodromu salınıb. Boranlı kəndinin camaatı ora buraxılmır.
Qırğız ədəbiyyatının klassik əsəri bu dəfə Akademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda iki hissəli fantastik realizm kimi özünün səhnə həllini tapıb. Rejissor yeni səhnə işində qeyd etdiymiz incə məqamları önə çəkir, bir-neçə dövrü əhatə edən hadisələri günümüzlə sintezdə verir.
Boranlı əhlinin Ana-beyit məzarlığının darvazası önündə yolunun bağlanması tamaşanın kulminasiyasıdır. Məhz burada əsərin qəhrəmanı Yedigey ilk dəfə ailəsi ilə birlikdə Boranlı stansiyasına işləmək üçün gələndə Qazanqapın ona qucaq açıb, yer verdiyini, qayğısına qaldığını xatırlayır. Həmin xatirələrə bürünən bütün həyatı kino lenti kimi gözünün önündən keçir. Əslində, “Əsrə bərabər gün” elə həmin gündür.
İkinci dünya müharibəsinin iştirakçısı, sinəsi orden-medalla dolu Yedigey siyasi, milli əsarətdən qurtulmaq arzusu ilə içində qovrulan sovet adamıdır. O, dostu Qazanqapı, vəsiyyətinə uyğun olaraq, Ana-Beyitdə torpağa tapşırmalıdır. Fəqət Qazanqapın oğlunun düşüncəsinə görə, ölünün harada dəfn olunmasının mənası yoxdur: “O, zatən ölüb, bir çala qazıb, ora qoyub üstünü torpaqlamaq lazımdır”. Yedigeyin qənaətincə, insanın son mənzili öz yurdu, canından çox sevdiyi doğma torpağı olmalıdır. Qazanqap nahaq yerə məhz o məzarlıqda dəfn olunmasını istəməyib ki?! Dostuna vəfa borcunu ödəmək üçün otuz kilometr yol qət edən Yedigey Ana-beyit haqqında dillərdə dolaşan Manqurt əfsanəsini xatırlayır. Manqurt əfsanəsi romanın içərisində ayrıca roman kimi verildiyi üçün, tamaşada da ayrıca səhnədə canlandırılır.
Juanjuanların dözülməz işgəncəsindən sonra adını, soyunu unudan Joloman manqurta çevrilir. Oğlunu tapan Nayman Ana (Xalq artisti Bəsti Cəfərova) Jolomanla deyil, onun quru cismi ilə qarşılaşır. Ona laylaları, oxşamaları ilə kimliyini xatırlatmağa çalışır, alınmır, özü o səhrada məhv olur.
Tamaşada hadisələrin cərəyan etdiyi müxtəlif dövrlər arasında maraqlı müqayisələr, paralellər aparılır. O vaxtın manqurtu ilə indiki manqurtların – Qazanqapın – dəfninə getməyə vaxt tapmayan oğlu Sabitcanın, habelə ölüsünü dəfn etmək üçün ata-baba məzarlığına soydaşlarını buraxmayan, onlarla ana dilində danışmağı özünə ar bilən mundirli oğlanın bir o qədər də fərqi yoxdur.
Yedigey məzarlığın qapısından geri qaytarılmanı Nayman Anaya görə Tanrının cəzası kimi qəbul edir: “Biz bu cəzaya layiq görülmüşük”. Romanda son mənzilə yolun qapanmasının səbəbi kosmik stansiyanın salınmasıdırsa, tamaşada həm də əcdadlarından, torpaqdan dönüklüyün cəzası kimi təqdim edilir.
“Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən də şərqə gedir... Bu yerlərdə dəmir yolunun hər iki tərəfilə intəhasız Sarı Torpaq çöllərinin göbəyi hesab edilən Sarı Özək düzənliyi uzanıb gedir. Coğrafiyada hər şey Qrinviç meridianından ölçülən kimi, bu yerlərdə də bütün məsafələr dəmiryolu ilə ölçülürdü. Qatarlar isə şərqdən qərbə, qərbdən də şərqə gedirdi”. Romandakı bu fikirlər Azdramanın səhnəsində Aytmatovun yazdığı kimi səsləndirilir. Bu zaman qatarın qulaqbatırıcı fiti ilə vizual qatar səhnənin bir tərəfindən digər tərəfinə “şütüyür”.
Dəvəni isə səhnədə canlı görürük. Qırğızların həyat-tərzinin rəmzi olan dəvə əsərin qəhrəmanı Yedigeyin yedəyində iki dəfə hadisələrin içindən – səhnədən keçir.
Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanının motivləri əsasında səhnələşdirilən, 60 nəfərlik aktyor heyətinin rol aldığı eyniadlı tamaşa 3 saat davam edir. Amma tamaşaçı yorulmur, o da hadisələrin axarına düşüb yol gedir. Sadəcə yol getmir, həm də düşünür...
Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin təbirincə desək, “Əsrə bərabər gün” tamaşasını Çingiz xandan Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxış adlandıra bilərik”.
Yeni səhnə işində, həmçinin Xalq artistləri Əli Nur (Tansıkbayev-müstəntiq), Laləzar Mustafayeva (Ukubala), Cəfər Namiq Kamal (Müfəttiş), Rafiq Əzimov, Hacı İsmayılov (Nayman tayfa başçısı), Sabir Məmmədov (I Mühəndis), Əməkdar artistlər Abbas Qəhrəmanov (Qazanqap), Elşən Rüstəmov (Abutalıb Kuttubayev), Anar Heybətov (Sabitcan), Vəfa Rzayeva (Zərifə), Ayşad Məmmədov (Ədilbəy), Elxan Quliyev (Əbilov), Mirzə Ağabəyli (Cumaəli), Əminə Babayeva (Bikə), Rövşən Kərimduxt (Kospan və Juanjuan tayfa başçısı), Aslan Şirin (Osman və şagird 3), Elşən Cəbrayılov (I hərbçi), Mətləb Abdullayev (II Hərbçi), Rəşad Bəxtiyarov (Juanjuan 2), Məzahir Cəlilov (Qəbilə sakini 1), Əlvida Cəfərov (Qəbilə sakini 2), Kazım Həsənquliyev (Yolçu qonaq 1), Elşən Cəbrayılov (baş mühəndis) iştirak edirlər.
Yazıçı-dramaturq Əli Əmirli:
“Əsrə bərabər gün” kimi bəşəri məzmunlu əsəri səhnələşdirmək həm dramaturgiya, həm də rejisor işi baxımından çətindir. Belə mürəkkəb yaradıcı işə çiynini vermək rejissordan böyük cəsarət və özünəinam tələb edir. Yaradıcılıq fantaziyası zəngin olan Mehriban xanım Ələkbərzadədə bu iki cəhətin hər ikisi var.
Gərgin məşqlərin, rejissor axtarışlarının nəticəsi izləyicinin ixtiyarına verilən tamaşadır. Biz gözəl nəticənin, səhnədə möhtəşəm işin şahidi olduq. Həm quruluş, həm aktyor oyunu, hadisələrin dinamikası, son dərəcə müasir və mürəkkəb səhnə kompozisiyası, rəssam və bəstəkar işi heyrətamizdir. Tamaşa çox gözəl idarə olunur. 60 nəfər səhnədədir və heç kəs başqasına mane olmur.
Milli teatrın yaradıcı kollektivini bu tamaşa münasibəti ilə təbrik etmək lazımdır. İnanıram ki, peşəkar teatrşünaslar tamaşanın dəyərini verəcəklər. Onu dəqiq bilirəm ki, yeni bədii rəhbərin gəlişindən sonra teatrın həyatında canlanma var. Deməli, yeni və uğurlu tamaşalar olacaq.
Ramilə QURBANLI
XQ