Aprelin 15-də Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB yanında Şuranın üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.
Sonra Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunmuş sərgiyə baxış keçirilib.
Sərgi ilə tanışlıqdan sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Dövrün zəngin ədəbi mühitində boya-başa çatmış Zərifə xanımın Azərbaycan ziyalısının ən gözəl nümunələrini təcəssüm etdirdiyini, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirdiyini bildirib. Gənc alim və müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında böyük xidmətləri olduğunu qeyd edib. Bildirib ki, Zərifə xanımın həm də bir qadın olaraq dövlət xadiminin qızı, dövlət xadiminin həyat yoldaşı və dövlət xadiminin anası kimi ətrafında nə qədər məsuliyyət cəmləşdiyinin şahidi oluruq.
Ulu Öndərə dərin məhəbbətlə bağlanan Zərifə xanımın bir ana kimi ən böyük xidmətinin Ümummili lider Heydər Əliyevin siyasi kursunu bu gün də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi müdrik dövlət xadimini yetişdirməsi olduğunu vurğulayıb. Onun şərəfli adının xalqımızın qəlbində əbədi yaşayacağına əminliyini ifadə edib.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva çıxış edərək, Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıblar. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyiblər.
Kəmalə ABDİNOVA
XQ