Çox insanlar, hətta həkimlər belə oynaq xəstəliklərindən olan artrozla artriti fərqləndirməkdə çətinlik çəkirlər. Rusiyalı travmatoloq Sergey Korolev bu 2 dayaq-hərəkət xəstəliyinin fərqlərini izah edib.
Bildirib ki, artritdə oynaq və kapsul toxumasında iltihablaşma olur. Artrozda isə bu toxumaların strukturunda müəyyən dəyişikliklər yaranır. Artrit daha çox qadınlarda rast gəlinir, oynaq ətrafı şişkinlik, ağrı olur. Həkim deyib ki, xəstəliyin bir neçə növü var: yuvenil, revmatoid və reaktiv artrit. Artrit xəstəliyini sidik sistemi infeksiyaları, sümük problemi, zərərli vərdişlər, bədəndə iltihab, irsi xəstəliklər, artıq çəki yarada bilər. Xəstə əvvəlcə ağrı hiss edir, sonra qızarma, şişkinlik yaranır. Bu proseslər qızdırma, əhvalın pisləşməsi, ümumi ağrılarla müşayiət olunur və gəzən zaman, hər hansı bir iş görəndə çətinlik yaradır.
Artroz isə hər kəsdə müşahidə edilə bilər. Artritdən fərqli olaraq, artrozda oynaqda qığırdaqlarda və kapsul örtüyündə yeyilmə, dağılma kimi mexaniki dəyişikliklər baş verir. Xəstəlik vaxtında, ağrıların ilk hiss edildiyi zamanda müalicə olunmadıqda, proses irəliləyib qığırdağı dağıdır və bədənin hərəkətsizliyinə səbəb olur.
Bu xəstəliklərin hər ikisini operativ olaraq, 1-ci, ən geci, 2-ci mərhələdə müalicə etmək və immuniteti möhkəmlətmək lazımdır.
Z.HÜSEYNLİ
XQ