Azərbaycan – Rumıniya sosial əməkdaşlığı

post-img

Azərbaycanın sosial sahədə əldə etdiyi uğurlar, bu sahənin davamlı inkişafı digər ölkələrin maraq dairəsindədir. Davamlı olaraq ölkəmizə gələn xarici qonaqlar əhalinin sosial müdafiəsi ilə bağlı nailiyyətlərlə tanış olur, Azərbaycanın təcrübəsindən öyrənməyə çalışırlar. Sosial sahədə aparılan islahatlar, reallaşdırılan proqramlar, həyata keçirilən layihələr beynəlxalq müsabiqələrdə də ölkəmizə uğurlar qazandırır.

Qonaqlar DOST mərkəzində 

Bugünlərdə Rumıniyanın energe­tika naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Rumıniya tərə­findən həmsədri Sebastyan-İoan Burdu­janın rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzində olub. Onlara DOST konsepsiyası barədə məlumat ve­rilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli fərma­nı ilə ölkədə artıq 7 DOST mərkəzinin açıldığını qeyd edib. DOST konsepsiyası əsasında 159 sosial xidmətin “bir pən­cərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb. DOST mərkəzlərində ötən dövrdə 2,1 milyondan çox vətəndaşa xidmət göstərilib. Bu xidmətlərdən vətən­daş məmnunluğu 98 faiz üzərində olub. Nazirliyin xidmətlərinin 90 faizdən çoxu elektronlaşdırılıb. 

Nümayəndə heyəti mərkəzdə xidmət bölmələri, xidmətlərin göstərilməsi prose­si, vahid əlaqələndirmə mərkəzi ilə tanış olub. Qonaqlar üçün DOST konsepsiya­sı və sosial sahədə elektronlaşma proq­ramına dair təqdimatlar edilib.

İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 

Rumıniya nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzin­də də olub. Direktor Nigar Məmmədova qonaqları mərkəzin fəaliyyəti ilə tanış edib. Onlara Azərbaycanda şəhid ailələri üzvləri və əlilliyi olan şəxslərin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilənlərin, aztəminatlı ailələrin üzvlərinin və digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ad­dımlar barədə ətraflı məlumat verilib. 

Həssas qrupların yaradıcı potensia­lının dəstəklənərək inkişaf etdirilməsinin mühüm prioritetlərdən olduğu bildirilib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Cənubi Qafqazda ilk dəfə ola­raq kifayət qədər geniş fəaliyyət sahələri­ni əhatə edən ən böyük inklüziv yaradıcı­lıq və inkişaf məkanı olduğu vurğulanıb. 

Sonda qonaqlara mərkəzin benefisi­arlarının ifasında konsert proqramı təq­dim edilib.

Müştərək Komissiyada müzakirələr

Rumıniya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ölkələr arasında ticarət-iqtisadi əlaqələr və el­mi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası da keçirilib. Ko­missiyanın Azərbaycan tərəfindən həm­sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Rumıniya tərə­findən həmsədri S.İ.Burdujanın təkbətək görüşündə və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda diplomatik münasibətlərinin qurulmasından ötən dövr ərzində iki ölkənin əlaqələrinin daim genişlənməkdə olduğu bildirilib. 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, ümumən ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin ölkələrimiz arasında əlaqələrin inkişafına imkan ya­ratdığı, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub. 

Sonra S.Babayev və S.İ.Burduja Azərbaycan və Rumıniya Hökumətlə­ri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının Protokolunu imzalayıblar. 

Zərifə HÜSEYNOVA
XQ



Sosial həyat