“Ay lolo, yar düymələri mərcan”

post-img

Lənkəranlı “Nənələr”in şöhrət çələngi

İlk misrasını yazıya başlıq seçdiyimiz mahnı ilə kənd toyunda debüt edən Lənkəranın məşhur “Nənələr” folklor qrupu artıq bütün Şərq aləmində tanınan kollektivdir. Şən, qıvraq nənələrlə hər görüş gözəl bir xatirəyə çevrilir. Bu dəfə də belə oldu. Qavallarını çala-çala səs-səsə verib oxudular, deyib-güldülər, maraqlı söhbətlər etdilər. 

İlk olaraq ünsiyyətcil Gülbəzək Kərimova sözə başladı:

– 2005-ci ildə qayınanam rəhmətə gedən­dən sonra mən bu qrupa daxil olmuşam. Onu əvəz eləmişəm. Qrupun yaşı çoxdur. Biz hələ uşaq olanda ifaçılar 4 nəfərdən ibarət idi: Gül­bacı, Ağabacı, Xanımbacı və Qızbəs. Gözəl oxuyub-çalan ata-analarından öyrəniblər. Bö­yükləri mənim anam olub. Onun anası – mənim nənəm gözəl qaval çalırmış. Elə gözəl səsi olub ki! Ağlımız kəsməyib ki, dediyi bayatıları, züm­zümələri, mahnıları cızmaqara edib saxlayaq. Babam da, nənəm də həm türkcə, həm də talış­ca oxuyublar.

Qrupun ifasında 100-ə qədər mahnı və bayatı səslənib. Vaxtilə Lənkəranda mədəniyyət şöbə­sinin müdiri vəzifəsində çalışan Şövkət xanım nənəmgillə qohum olub.Toyda qızların ifalarını dinləyərək xəzinə adlandırıb və onları qabağa çəkib. Deyib ki, xəzinə xalqa tanıdılmalıdır. Əv­vəlcə adları “Bacılar” olub. Ulu öndər Heydər Əliyev 1997-ci ildə Lənkərana gələndə onları görüncə “Nənələr” deyə müraciət edib: “Bunlar bizim nənələrimizdir, ağbirçəklərimizdir”, – deyib. Beləcə, qrupun adı “Nənələr” olub. 

“Nənələr” tez-tez festivallara, el bayramlarına dəvət olunur, maraqlı çıxışlar edirlər. Xaricdən gələn qonaqların da qarşısında məharətlərini göstəriblər, xarici ölkələrə səs salan səfərlərdə də olublar. 

Qrupun veteranı – ağbirçək üzvü Xanım­bacı Quliyeva: 

– Qrup kimi fəaliyyətə biz bacılar başlamı­şıq. Bircə qavalımız vardı, ona və bir də səsimizə güvənirdik. Anamız qoyun-keçi dərisindən daha bir neçə qaval düzəltdi bizə. Axşamlar uşaqla­rı evimizə yığıb məşq edirdik, çalıb-oynayırdıq. Tədricən məclislərə çağrıldıq. Biz tərəflərdə çal­ğıçılar, aşıqlar yox idi deyə, toylara biz rövnəq verirdik. Məşhur “Lənkəran” mahnısını ilk dəfə avazla xorda oxuyanda 3-cü sinif şagirdi idim. 50 yaşımda pensiyaya çıxandan sonra da mən elə bu qrupda qalmışam.

Bir qədər xəyala dalıb avazla davam elədi:

Lənkəran dağlarında indi də qar var,

Çiçəkli bağlarında heyva var, nar var. 

Ardınca isə musiqi sədaları altında o biri bacı­ları onun səsinə səs verdilər: 

Yüklənir paraxoda ətirli çayımız,

Günü-gündən xoş keçir ilimiz, ayımız... 

Rübabə Kərimova:

– Mənim nənəm bu nənələrin böyük bacısı olub. Dünyasını dəyişən nənələri qızları, gəlin­ləri əvəz edib. Estafeti nəsil-nəsil davam etdiririk. Mədəniyyət Nazirliyi tərəfindən bizə “Xalq kollek­tivi” adı verilib. Bax, biz 3 gəlin bir qayınananın gəlinləriyik.

Şərəf Məmmədova:

– Bizim bu geyimlərimiz sırf talış libasları­dır. Bu geyimlərimizlə, deyimlərimizlə məclisləri bəzəməkdən məmnun oluruq.

Qeyd edək ki, bir neçə il əvvəl Lənkəran şəhə­rinin "Azərbaycanın folklor paytaxtı" elan edilmə­siini əsas səbəbkarları, elə bu “Nənələr” olub. O zaman ağbirçəklərlə doğma kəndləri Separadidə görüşəndə biri mənə maraqlı söhbət etdi. Dedi ki, ötən əsrin əvvəllərində Qori seminariyasını yenicə bitirən, sonralar görkəmli bəstəkar olan Müslüm Maqomayev bir müddət Lənkəranda dərs deyib. O, şagirdlərinə bayatı və nəğmələr topladar, mahnıları xorla oxumağı öyrədərdi. Bir dəfə lənkəranlı dostlarından biri ondan soruşub:

– Müslüm müəllim, neçə ildir çəltik zəmilərin­də oxuyan qızlardan, qadınlardan nəğmələr top­layırsan. Bəs, bu nəğmələr yığılıb qurtarmadımı?

Müslüm Maqomayev cavab verib:

– Nə dəryada balıq qurtarar, nə də Talışda nəğmə...

Doğrudan da, belədir. Hamının maraqla din­ləyib zövq aldığı “Yaxşı bəzək vurun bizim gə­linə”, “Göndərin, hamama göndərin”, “Əllərə xına yaxarlar”, “A nimtənə, nimtənə”, “Kinəlim”, “Ağ alma, qızıl alma”, “Ağlama, ceyran balası, ağla­ma”, “Yar gəldi”, “Lampanı yanar qoydum” kimi el nəğmələri məhz Lənkəranın folklor bulağından süzülüb gələnlərdir.

İki gəmi gəlir Lənkəran üstə,

Birində şabalıd, birində püstə...

(“Ay dili-dili”)

İndi artıq “Nənələr”i əvəz edəcək “Nəvələr” də var. Deməli, bu bulaq hələ çox çağlayacaq.

Əli NƏCƏFXANLI
XQ

Sosial həyat