Lalə kimi zərif…

post-img

Futbolçu Kramarenkonun gimnast nəvəsi

Zəriflik mücəssəməsi olan, lalə timsallı “İdman şahzadəsi” adlanan Lalə Kramarenko bədii gimnastika ilə məşğul olur. Həmvətənimiz çıxış edəndə təsəvvürlərdə gimnastikanın idman deyil, rəqs sənəti olduğu fikri az qalır üstünlük qazansın. Əvvəlcə Azərbaycanı, hazırda isə Rusiyanı təmsil edən 20 yaşlı Laləni ölkəmizlə möhkəm tellər bağlayır. 

Onun nənəsi əslən şuşalı olub. Ba­bası, gəncəli Sergey Kramarenko fut­bol üzrə SSRİ çempionatında rekord sayda oyunun – 313 matçın iştirak­çısı olmuş məşhur qapıçıdır. 1966-cıil mövsümündə yarışları “bürünc” pillə­də başa vurmuş “Neftçi”nin qolkiperi məhz o olub. Onu da deyək ki, 15 ildən çoxdur ki, “Neftçi” klubu “Sergey Kra­marenko” adına mükafat təsis edib və ölkə çempionatının ən yaxşı qapıçıla­rına bu mükafat verilir. 

Lalənin atası, “Neftçi”nin yetirməsi Dmitri də tanınmış qapıçı olub. Mos­kva “Dinamo”sunda, “Torpedo”da, “Alaniya”da, “Karvan”da, “Terek”də, “İnter”də çıxış edib, 33 oyunda Azər­baycan yığmasının şərəfini qoruyub. Sonra “Neftçi”nin, Azərbaycan yığ­masının qapıçılar üzrə məşqçisi olub. Hazırda Moskva ordu klubunda həmin vəzifədədir. Həyat yoldaşı, keçmiş biatlonçu İrina xanım əslən tatardır. Bəlkə də Lalənin gözəlliyinin bir sirri də nənəsinin şuşalı qızı, anasının ta­tar olmasıdır.

Dmitri Kramarenkonun bir müsa­hibəsində dediyi bu sözlər yadımda qalıb: “Laləyə baxıram, rəhmətlik atam yadıma düşür. Həm də Lalə Azərbay­can dilində az da olsa bilir. Bakıda məktəbdə oxuyanda milli himni ifa et­diyini xatırlayıram… Onun uğurlarını görəndə sevincdən gözümə yuxu da getmir. Həm də Lalə çıxış edəndə çox həyəcanlanıram, baxa bilmirəm. Ona görə də çox vaxt arenaya getmirəm”.

Bir neçə il əvvəl ölkəmizdə təşkil olunan bədii gimnastika üzrə “AGF Junior Trophy” turnirində iştirak edən­lər arasında məşhur soyadlı Lalə də vardı. Həmin Lalə ki, Rusiya yığma­sı üçün iki “qızıl” qazandı və bizi bir növ qısqanclıq hissi bürüdü. Çünki Lalə gimnastikanın sirlərinə Bakıda yiyələnməyə başlamışdı və gələcəkdə məhz yığmamızın şərəfini qoruyacağı gözlənilirdi. Lakin sonradan nə baş verdisə, qızcığaz doğulduğu Rusiyaya qayıtmalı oldu. İndi də həmin ölkənin ən öncül gimnastlarından sayılır.

Lalənin əkiz bacısı Diana da onun­la bərabər Bakıda gimnastika ilə məş­ğul olub, “Spartak”da Nurlanə Əlizadə, Natalya Nərimanova və Kristina Əli­yevanın rəhbərliyi altında məşq edib. Amma sonra Diana tennisə keçib.

İlk qələbə sevincini 8 yaşında ikən Bakı birinciliyində duyan Lalə idman­çı məharəti və oyun plastikası ilə hər kəsi heyran edir. Onun Moskvadakı məşqçisinin adı da türk sözündən gö­türülüb – Leysandır. Necə deyərlər, ikisi birləşib ard-arda qələbə “leysan”­ları yağdırırlar. 3 dəfə yeniyetmələrin Dünya və Avropa birinciliklərini qalibi olub. Qran-prilərdə 6 qızıl medal qa­zanıb. O, artıq böyüklər arasında ke­çirilən Avropa çempionatının da qalibi­dir. Bakılılar Laləni öz doğmaları kimi sevirlər. 2021-ci ildə paytaxtımızda keçirilən Dünya Kubokunda gürzlərlə yarışda 3-cü olsa da, tamaşaçılar onu ürəkdən alqışlayıb və ruhdan düş­məyə qoymayıblar.

Ötən ilin martında Lalə Kramaren­ko Moskva "Qran Pri"si çərçivəsində keçirilən fərdi çoxnövçülük yarışının qalibi olub. Avqustda Minskdə MDB ölkələrinin II Oyunlarında Rusiya ko­mandasının lideri kimi, əsas rəqibi – belarus Alina Qornosko ilə hamının həyəcanla gözlədiyi prinsipial “duel”­dən inamla qalib çıxıb və çoxnövçülü­yün qızıl medalını əldə edib. Oktyabr­da 3-cü dəfə Rusiya çempionu adını qazanıb. 

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti və Rusi­ya yığmasının baş məşqçisi İrina Vi­ner-Usmanova Lalə Kramarenkonun “Güclülər kuboku”nun finalında, fərdi çoxnövçülükdə qazandığı qələbəni belə qiymətləndirib: “Lalə böyük tapın­tıdır, çünki o, çıxışlarında özünə daim tənqidi yanaşır, arxayınlaşmır. Amma deyim ki, bu gün proqramlarını göz­lədiyi kimi, qüsursuz icra etdi. Sabah daha yaxşı olacaq”. 

Dekabrda təşkil olunan beynəlxalq “Cənnət lütfü” turnirində Lalə ardıcıl olaraq 3-cü dəfə çoxnövçülüyün əl­çatmazı olub: daha öncə Moskvada və Soçidə, bu dəfə isə Pekində. Bu il fevralın sonu–martın ilk günlərində növbəti Rusiya çempionatında uğurla çıxış edən Lalə gürzlə hərəkətlərdə qızıl medal qazanıb, ondan əvvəl isə çoxnövçülükdə “qızıl”a sahib olub. Bu uğurlar Rusiya yığması üçün 1-ci yeri təmin edib.

Qanından, canından türk ruhu əs­kik olmayan Lalə 3 il əvvəl Moskvada 17 ölkənin mübarizə apardığı Qran-Pri yarışından sonra keçirilmiş qala-kon­sertdə öz rəqs bacarığını da nümayiş etdirib. Ünlü türk müğənnisi Tarkanın “Şımarık” mahnısının sədaları altında elə gözoxşayan rəqs edib ki, heyrət­dən əllər üzlərdə qalıb. 

Müntəzəm olaraq hər gününün 8–9 saatını məşqlərə ayıran Lalə yaş və vətəndaşlıq məsələlərinə görə ötən Tokio olimpiadasına düşə bilməsə də, qəmlənməyib. Qarşıdan gələn Paris olimpiya oyunlarında çempion olmağı arzulayır.

İnanırıq!

Əli NƏCƏFXANLI
XQ

 



Sosial həyat