Əhalinin çoxu çətin dövrü geridə qoyduğumuzu düşünür - SORĞU

post-img

Sosial Tədqiqatlar Mərkəzi (STM) ölkə gündəmində yenilənən ictimai-siyasi, sosial-iqtisadi məsələlərdən irəli gələrək vətəndaşlar tərəfindən ümumi vəziyyətin dövri olaraq qiymətləndirilməsi məqsədilə sorğular keçirib. Respondentlərə ünvanlanan “Sizcə, hazırda çətin dövrdən keçirik, çətin dövr geridə qalıb, yoxsa hələ irəlidədir?” sualına ayrı-ayrı dövrlərdə verilən cavabların təhlili müsbət dinamikanın olduğunu göstərib.

Ötən ilin əvvəllərində Qarabağ ətrafında gedən hərbi-siyasi proseslərin, ekoloji aksiyaların və sərhəd nəzarətinin təmin olunmasının ardından “çətin dövr geridə qalıb” cavabını səsləndirənlərin sayında artan tendensiya qeydə alınıb. Cari ilin fevral ayında keçirilmiş rəy sorğusunda bu mövqedə olanların göstəricisi 55.8 faizə yüksəlib. Respondentlərin 27.2 faizi “hazırda çətin dövrdən keçirik” cavabını qeyd edərkən, 15.7 faizi çətin dövrün irəlidə olduğunu bildirib.

Sorğunun nəticələrinin respondentlərin sosial-demoqrafik parametrlərinə görə təhlili onların rəylərində müxtəlif amillərin təsirli olduğunu göstərib. Yaş artdıqca “çətin dövr geridə qalıb” mövqeyində olanların sayında daha çox artım qeydə alınıb. Bu mövqe ali təhsillilərin 55.1 faizi, dövlət sektorunda işləyənlərin 69.4 faizi və təqaüdçülərin 62.5 faizi tərəfindən ifadə olunub. “Hazırda çətin dövrdən keçirik” cavabı əsasən kişilərlə müqayisədə qadınların, həmçinin aztəminatlı qrupların rəylərində yer tutub.

Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat