Astarada Şakir Yaqubovun xatirə guşəsi

post-img

Astara rayonunun Kakalos kəndindəki Folklor evində fəaliyyət göstərən Tarix-diyarşünaslıq muzeyində mərhum jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun xatirə guşəsi açılıb. Ekspazisiyanı muzeyin yaradıcısı–qocaman mədəniyyət işçisi Fərbiyə Şabanova təşkil edib.

Şakir Yaqubov Kakalosla qonşu Bala Şahağacı kəndində anadan olub. Doğma kənddə səkkizillik məktəbi bitirdikdən sonra orta təh­silini qonşu Pensər kəndində başa çatdırıb. Fərbiyə xanım da gələcə­yin tanınmış jurnalistini məhz mək­təbli olarkən tanıyıb. Şagird dostları arasında dərs əlaçısı və fəal icti­maiyyətçi kimi seçilən gələcək jur­nalist məktəbdə uşaqlar üçün təşkil edilən tədbirlərdə yaxından iştirak edərmiş.

İllər keçəndən sonra ölkəmizin nüfuzlu mətbu nəşrlərində çalışan Şakir Yaqubov “Azərbaycan gənc­ləri, “Kommunist” (indiki “Xalq qəze­ti”), “Həyat” (indiki “Azərbaycan”), “Səhər” və “Panorama” qəzetlərin­də müxtəlif janrlı çoxsaylı maraqlı məqalə və publisistik yazılarla çıxış edib. "Mən şahidəm ki…", "Hakim mərkəzi göstərər", "Bizim səfər ha­çandı?!", "Banişevski olduğu kimi", "Taleyimdən keçənlər", "Yaddaşı­mın küncündən…", "Bir az da fut­bol(umuz)dan" və digər kitabların müəllifi idi. 

Ustad jurnalistin doğum günün­də onun ailə üzvləri və yaxın dostları muzeydə olub, guşəni ziyarət edib­lər. Mərhum jurnalistlə bağlı xatirələr söylənilib, onun yaradıcılığı və xe­yirxah əməlləri barədə danışılıb.

XQ

Sosial həyat