Mövlud Süleymanlı könüllərə köçdü...

post-img

“Facebook”da şair Etimad Başkeçidin bu yaxınlarda rəhmətə getmiş məşhur yazıçı Mövlud Süleymanlı haqqında paylaşdığı xatirəni oxuyanda kövrək hisslər yaşadım. Güman edirəm ki, bu paylaşım oxucularımız üçün də maraqlı olar. 

Etimad Başkeçid ya­zır: “Slavyan Universite­tində işlədiyim vaxtlardı, birinci kitabım yenicə çıx­mışdı. Bir gün rəhmətlik Əhməd Oğuz zəng elədi ki, Mövlud səni çağırır, gəl gör nə deyir. Getdim. Otağında şirin-şirin xeyli söhbət elədik, yazılarım­dan danışdı…

Çıxanda maddi və­ziyyətimlə maraqlanıb kömək etmək istədi. De­dim ki, heç nəyə ehtiyacım yoxdur. Üstündən bir neçə gün keçmiş müəllimlərdən kimsə dedi ki, Mövlud Süleymanlı “525-ci qəzet”də səndən yazıb. Qəzeti açıb gördüm ki, kitabım haqqında bir qoşa səhifə məqalə yazıb… 

Məqalədə rəğbətini bildirmək, hanısısa məqamı vurğulamaq üçün “Qanın üstünə tökülsün, Etimad” – deyə bir ibarə də işlətmişdi. Sonralar Əhməd mənə zəng eləyəndə, onun diliylə: “A qanın üstünə tökülsün, hardasan?” – deyirdi.

Əhməd dünyasını dəyişəndə Mövlud müəllimlə mən Şuşaday­dıq. Səhər yeməyinə yenicə oturmuşduq, kimsə ona zəng elədi. Bir­dən əhvalı dəyişdi, yeməyini yarımçıq qoyub eşiyə çıxdı. Arxasınca çıxanda gördüm, lap kənara çəkilib ağlayır. “Nə yaşı vardı!” – deyə Əhməd üçün hayıfsılanırdı…

P.S. E.Başkeçid sonda yazıb: “Nə ölüm, nə başqa bir qüvvə səni bizdən qopara bilməz! Sənin məzarın ariflərin könlündədir!”

Paşa ƏMİRCANOV
XQ

Sosial həyat