Gəncənin ünlü ünvanı

post-img

Söhbət 60 il əvvəl yaradılmış bənzərsiz “Butulka ev”dən gedir

– Dayan!.. 

İbrahim çamadanları yerə qoyaraq cibin­dən iri bir dəsmal çıxarıb alnının tərini sildi və amiranə deyilmiş sözün kimə yönəldiyini ayırd etmək üçün ətrafına boylandı. Vağzalda gəzişən, öz vaqonlarına tələsən sərnişinlərdən başqa bir kimsəni görmədi. Çamadanın birini qaldırıb, o birisini götürmək istəyirdi ki, əlinin üstündə iri bir əl gördü:

– Sənə dayan demirəm?!

Başının üstündə iri cüssəli, rus milliyyətindən olan bir milis nəfəri dayanmışdı. Gözləri ilə çama­danlara işarə edib “kontrabanda?” deyə soruşdu. 

Təbiətən zarafatcıl olan İbrahim gülümsəyərək “nə bildiniz ki, hər ikisi qızılla doludur”, deyib “sirli yük”ün ağzını tələsmədən açmağa başladı. Artıq iki milis işçisi də ona yaxınlaşmışdı. Hətta onlardan biri əlindəki qandalı açıb-bağlayır, kinayə dolu nəzərlərlə Tbilisi–Kirovabad qatarının sərnişininə baxırdı.

Soçidən qayıdıb doğma şəhərinə gedən İbra­him Cəfərov çamadanları açaraq içərisindəkiləri dərhal boşaltmağa başladı. Milis işçiləri gözlərinə inanmadılar. Qızıl, daş-qaş, zinət əşyaları gözlə­dikləri halda, çamadanlardan perrona xırda dəniz daşları tökülürdü. 

“Bu da mənim qızıllarım, nə qədər istəyirsiniz götürün”, – deyib bərkdən gülən İbrahim onlardan heç bir cavab gözləmədən daşları yerdən yığ­mağa başladı. Qatarın yola düşməsinə 5 dəqiqə qalırdı...

Bu əhvalatdan 60 ilə yaxın vaxt keçir. Dəmir­yol mühəndisi olan İbrahim 30 ildən artıqdır ki, yoxdur bu həyatda. Amma o daşlar durur, yaratdığı “Butulka ev”in divarlarını bəzəyir. 60 ildə dünyada yeganə olan bu qəribə evə tamaşa edənlərin sayı, bəlkə də, 60 milyonu keçib.

...İbrahimlə qardaşı Yusif cəbhəyə bir yerdə yol­lanmışdılar. Məşhur 416-cı Taqanroq diviziyasının tərkibində cəbhəboyu birgə irəliləmişdilər. Amma o qanlı-qadalı günlərin birində Yusifi cəbhənin başqa bir istiqamətinə apardılar və elə o gedən getdi...

İbrahim qayıtdı, Yusifdən isə xəbər-ətər çıxma­dı. O, qardaşını çox gözlədi. Müharibədən 15 ildən çox vaxt keçsə də, ümidini üzmür, həm də qardaşı­nın adını əbədiləşdirmək haqqında düşünürdü. 

Bir dəfə dostları ilə Soçiyə getmişdi. Neçə gün gəzib dolaşdılar, istirahət etdilər. İbrahimin diqqətini Qara dənizin sahillərində, çimərliklərdə olan kiçik daşlar cəlb elədi. O, xeyli vaxt idi bu cür daşlar axtarırdı. Gəncəçayda belə daşlara rast gəlməmişdi. Gələcək evi beynində canlandıran İbrahim bu daşlarla Yusifin, o zamanlar heç kimin cəsarət etmədiyi Gəncə adını bu qeyri-adi evin divarlarına “yazmaq” istəyirdi. Sonralar İbrahim bir neçə dəfə Soçiyə getdi və həmin daşlardan kifayət qədər yığıb gətirdi. 

Elə bilirdi ki, belə bir qeyri-adi ev tikməklə Yusifin adını əbədiləşdirəcək. Evin bütün mozaika, şəbəkə işlərini, butulkaların düzülüşünü öz əlləri ilə qurub yaratdı. Bir rəssam dostu da evin ön divar fasadında İbrahimlə Yusifin yağlı boya ilə şəkillərini çəkdi. Binanın bir neçə yerində “Gəncə” yazdı və tarix qoydu: “1967”. Arxa divarda isə “Naməlum əsgərə” sözünü yazmaqla qardaşının timsalında itkin düşən bütün hərbçilərə ehtiramını bildirdi. Evin 2-ci mərtəbəsinə İbrahim Cəfərov orijinal tərtibat verdi, hörgü üçün şampan butulkasından tutmuş kiçik ölçülü dərman şüşələrinə qədər 50 min butulkadan istifadə etdi. Elə tikilinin özəlliyi də bundadır. Üstəlik, yonulmuş daşlardan məhəccərli balkon hörüb, güldanlar düzəldib. Evin girəcəyində qədim Gəncənin qala divarlarının maketini hazır­layıb. Bünövrə divarında tarixi şəxsiyyətlərin port­retləri, hərbi geyimdə ümumiləşmiş əsgər obrazı var və bu sözlər yazılıb: “1941–45-ci illərdə həlak olanların xatirəsinə. 416-cı diviziyaya əbədi şöhrət. Taqanroq–Berlin. İbrahimdən hədiyyə”. 

İbrahim Cəfərov sağlığında bu evə baxmağa gələn və onun önündə şəkil çəkdirən saysız-he­sabsız turistlərin fotoşəklini çəkərək, bir neçə albom düzəltmişdi. Bir dəfə Rusiyadan gələn qo­naqlarla bərabər mən də “Butulka ev”ə getmişdim. İbrahim həmişəki kimi yenə həvəslə qonaqlara evin tarixi haqqında məlumat verərkən turistlərdən biri qayıtdı ki, “qardaşınız, yəqin ki, həlak olub...”

İbrahim sərt şəkildə onun sözünü ağzında qoydu, “bəs bu evi nədən ötrü belə tikmişəm? Tikmişəm ki, sənin kimi adamlar bura gəlsin, onu yad eləsin. Qardaşım burdadır, o, ölməyib, diqqətlə qulaq as, divarlardan da səs gəlir...”

Hamı donub qalmışdı. Qadınlar göz yaşlarını saxlaya bilmirdilər. Kşilər gözlərini bir nöqtəyə zillə­mişdilər. Hətta biri qayıtdı ki, “sözün bitdiyi yer...”

1992-ci ildə dünyasını dəyişən İbrahimdən son­ra oğlu da dünyasını dəyişib. Hazırda “Butulka ev”də iki nəvəsi, onların ailələri yaşayır. İndi buranı ziyarət edənlərin fotolarını nəvələri çəkir. 

İbrahim Cəfərov olduqca gözü-könlü tox, təva­zökar, mərd insan olub, kimdənsə kömək, yardım istəməyib, heç nə ummayıb. 80-ci illərin əvvəllərin­də Həsən Həsənov şəhər partiya komitəsinin 1-ci katibi olan vaxt ona əlavə ev təklif etsə də, istəmə­yib. Bax, beləcə, qardaşının müharibədən sağ gələcəyini gözləyə-gözləyə köçüb bu dünyadan…

...Gəncənin Qənbər Hüseynli ilə Hüseyn Cavid küçələrinin kəsişməsində 60 ilə yaxındır ki, dün­yanın hər yerindən gələn qonaqları heyran edən bu abidə-ev şəxsi mülk də olsa, bizcə, Mədəniyyət Nazirliyinin nəzarətinə götürülməli, qeydiyyata alınmalıdır. Yeri gəldikdə, onun cari təmir işlərinə də köməklik göstərilməlidir. Çünki turist marşrutuna salınan “Butulka ev” bir tarixdir, insan taleyidir, II Dünya müharibəsinin vurduğu yaraların nişanə­sidir, qardaşın qardaşa məhəbbət rəmzidir, bir azərbaycançılıq nümunəsidir, 

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Gəncə





Sosial həyat