Göyçədə bir kənd vardı – Daşkənd

post-img

Oğuz yurdunun füsunkar təbiətə, əsrarəngiz gözəlliklərə, qədim tarixə malik yaşayış məskənlərindən biri olan Daşkənd kəndi Göyçə mahalının şərqində, rayon mərkəzi Basarkeçərdən 8 kilometr cənub-şərqdə yerləşir. “Daşkənd” türk mənşəli toponimdir, sözün mənası “qayalıq və daşlı yer” deməkdir. Kənd relyefə uyğun olaraq bir hissəsi daşlıq, kəmərvari silsilə qayalıq üzərindəki düzənlikdə, qalan hissəsi qayalığın ətəklərindəki düzənlik ərazidədir. Kənd dəniz səviyyəsindən təxminən 2450-2550 metr yüksəklikdədir. Daşkənd, Basarkeçər, Qıxbulaq, Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. 

Daşkəndin tarixi çox qədimdir. Bura qədim yaşayış məntəqəsi kimi Son tunc və Erkən dəmir dövründə (Bizim eradan əvvəl II minilliyin sonları–I minilliyin əvvəlləri) mövcud olmuşdur. 

Kəndin ərazisində aparılan qazıntılar za­manı tapılan tunc və dəmir məişət əşyaları, əmək alətləri, kəhraba qaşlı bəzək əşyaları, silahlar (ox və nizə ucluqları, qılınc) və küp qəbirlər bunu təsdiqləyir. 

Xalqların böyük köçü (IV-VI əsrlərdə) zamanı bu ərazilərə gələn yeni-yeni türk tay­faları (saklar, kimmerlər, hunlar, oğuzlar və s.) aborigen türklərlə qarışaraq yeni etnosla­rın yaranmasına səbəb olmuşlar. 

Müxtəlif tarixi dönəmlərdə baş vermiş dövlətlərarası toqquşmalar Daşkəndin ta­rixinə təsirsiz ötüşməmişdir. Əhali qanlı müharibələr səbəbindən köçməyə, yaşayış yerlərini dəyişməyə məcbur olmuşdur.

Kənddə VI-VII əsrlərə aid oğuz qəbi­ristanlığı vardı. Yaşayış evlərinin tikintisi məqsədilə evlərin bünövrəsi qazılarkən ora­dakı qəbirlərdən müasir insanlardan xeyli böyük insan skletləri aşkarlanırdı. Bu mə­zarlar “Oğuz qəbirləri” adlanırdı. Bu da onu göstərir ki, burada elə tarixən Oğuz türkləri yaşamışlar.

Daşkənd Erkən Orta əsrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Bunu Daşkəndin ərazisində xristian alban türklərinə məxsus çox sayda məzarlıqlar, ay­rı-ayrı qəbirlər, habelə, iki məbəd–ibadətgah da təsdiq edir. Bunlar 1181-ci ildə tikilmiş S.Astvatsatsin məbədi, eləcə də, təxminən, XIII əsrdə tikilmiş S.Gevorq məbədidir. Birinci məbəd təbii təsirlərə məruz qa­lıb tavan hissəsinin bəzi yerləri uçsa da, ikinci məbəd olduğu kimi qalmışdır. Azərbaycan türklərinin tarixi torpaqları olan Göyçə mahalı zaman-zaman mövcud olmuş Ərəb Xilafətinin, Sacilər, Salarilər, Şədda­dilər dövlətinin, Səlcuq imperatorluğunun, Eldənizlər, Hülakülər, Ağqoyunlu və Qa­raqoyunlu dövlətlərinin, Səfəvi imperatorlu­ğunun tərkibinə daxil olmuşdu. 

Səfəvilər dövründə (1501-1736-cı illər) Göyçə mahalı Çuxursəd bəylərbəyliyinin tərkibində idi. Çuxursəd bəylərbəyliyi bi­rinci dəfə 1583-cü ildə Osmanlı dövlətinin tərkibinə daxil olsa da, 1604-cü ildə I Şah Abbasın idarəçiliyinə keçib. Osmanlılar işğal olunmuş ərazilərin idarəsinə lazim olan hüquqi bazanı hazırlamaq üçün sənəd­lər tərtib etmişdilər. Bu sənədlər “müfəssəl dəftər” və “icmal dəftəri” adlanırdı. “İcmal dəftəri”ndə ərazidəki kəndlər və təsərrüfat subyektləri (tiyul, ziyamət, timar) siyahıya alınaraq ödənilən vergilər, “müfəssəl dəftər»­də ərazidə yaşayan vergi mükəlləfiyyətli əhali siyahıya alınırdı.

Daşkəndin adı “İrəvan əyalətinin icmal dəftəri”ndə, “İrəvan əyalətinin müfəssəl dəftəri” ndə və Qafqazın 5 verstlik xəritəsin­də qeyd edilmişdir. 

1828-ci il Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Rusiya İmperiyasına tabe olan “erməni vilayəti” (1828-1840-cı illərdə mövcud olmuşdu) yaradıldı. Göyçə mahalı, o cümlədən, Daşkənd kəndı “erməni vilayə­ti”nə verildi. Yeni yaradılmış “erməni vi­layəti”nin idarəçiliyinə verilmiş kəndlərinin siyahısını tərtib edən İ.Şopen Daşkəndin adını 43-cü sırada qeyd etmişdir.

İ.Şopenə görə, İrəvan sərdarı Hüseynqulu xan Qacar Rusiya İmperiyasının Cənubi Qafqaza hücumundan müdafiə olun­maq üçün Göyçə mahalının boş qalmış kənd­lərinə qarapapaqları məskunlaşdırırdı.

1829-cu il rus-türk müharibəsindən son­ra Rusiya işğal etdiyi Bəyazid paşalığından 1.485 erməni ailəsini Göyçə mahalına kö­çürüb onun cənubunda, az bir qismini də qərbində yerləşdirdi. Ermənilərin yaşadığı ərazi SSRİ-nin dövründəki inzibati-ərazi böl­güsünə görə Martuni və Kamo rayonlarına aid edilmişdir. Bu ərazi 1831-ci ilin kameral siyahısında “Göyçə mahalı” adlanırdı. 1831-ci ilin siyahısına görə, Göyçə mahalındakı 999 müsəlman ailəsində 3.164 nəfər kişi, 2.443 qadın, cəmi 5.607 nəfər azərbaycan­lı yaşayırdı. Rus işğalından qabaq Göyçə mahalında cəmi 15 erməni ailəsi və 90 nəfər erməni yaşayırdı. 1829-cu il Rusiya–Türkiyə müharibəsindən sonra Osmanlının Bəyazid paşalığından Göyçə mahalına köçürülmüş 1.485 erməni ailəsi isə Göyçə gölünün cənubundakı 24 boş kəndə yerləşdirilmişdi.

XIX əsrin 40-cı illərin inzibati-i­darə islahatına uyğun olaraq, İrəvan quberniyası (1849-cu il) yaradıldı. Daş­kənd kəndi Yeni Bayazit qəzasının tərki­bində İrəvan quberniyasına tabe edildi. 1842-ci ilin kameral siyahısında “Göy­çə nahiyəsi” adlansa da, sonradan er­məni vilayətinin ərazisində yaradılan İrəvan quberniyasının tərkibində Novobə­yazid qəzası adlandırılmışdır. Qəza mərkə­zi olan Kəvərin adını da 1850-ci ildə də­yişib Novobəyazid qoymuşdular [18,153]. Bu ad Türkiyədən gətirilən ermənilə­rin Bəyazid paşalığından olmaları ilə bağlı idi. (1959-cu ildə həmin yaşayış məntəqəsi Kamo adlandırılmışdır.

Kənddə 1831-ci ildə 357 nəfər, 1873-cü ildə 560, 1886-cı ildə 816, 1897-ci ildə 1004 1908-ci ildə 816, 1914-cü ildə 1389, 1916-cı ildə isə 1054 nəfər azərbaycanlı yaşamışdı. 

Ermənilər Rusiya imperiyasının himayə­sinə sığınsalar da, imperiyada hökumət əley­hinə baş verən hadisələrdən öz mənafeləri üçün vəziyyətdən məharətlə istifadə edirdilər. Ərazi iddialarından əl çəkmir, tarixi türk tor­paqları hesabına ərazilərini genişləndirməyə çalışırdılar. 1905-1907-ci illərdə baş vermış Birinci Rus inqilabı dövründə Bakıda, Qu­bada, Şamaxıda, Qarabağda, Zəngibasarda, Vedibasarda, Zəngəzurda, Ağbabada, Şörə­yeldə və Naxçıvanda olduğu kimi Göyçə ma­halında da ermənilərin Azərbaycan türklərinə qarşı təcavüzkar niyyətləri qanlı hadisələrə, qətliamlara gətirib çıxardı. Digər kəndlərdə olduğu kimi, Daşkənddə də əhalinin şəxsi təsərrüfatları talan edilir, mal-qaraları, məişət əşyaları əllərindən zorla alınırdı. Erməni tə­cavüzündən cana doyan əhali kənddən çıx­mağa məcbur olaraq Kəlbəcərin kəndlərinə pənah gətirmişdi. Əhali bir neçə ildən sonra doğma yurdlarına qayıtmışdı.

Məlum olduğu kimi, Rusiyadakı 1917-ci il Oktyabr inqilabı nəticəsində Cənubi Qafqazda siyasi dəyişikliklər baş vermiş və burada 3 yeni dövlət yaranmışdı. Göyçə mahalı və onun bir hissəsi olaraq Göyçə gölü Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Res-publikası arasında mövcud olan sərhədin bir hissəsini təşkil edirdi. Göyçə gölünün şərq tərəfindəki torpaqla­rı “Göyçə dairəsi” inzibati ərazi statusu ilə Azərbaycana məxsus idi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qəbul etdiyi son qanun Göyçə mahalı ilə bağlı olmuşdur.

1918-ci ildə ermənilər öz mənfur antitürk niyyətlərini reallaşdırmaq üçün Göyçədə qət­liamlara rəvac verəndə Daşkənd ən çox zərər çəkən yurd yerlərindən biri oldu.

Daşnakların silahlı quldur dəstələrinə Göyçə mahalında Andranikin silahdaşı Suli­kov başçılıq edirdi. Silahlı dəstənin ərzaqla, atlarının yemlə təmin olunmasını tələb edən daşnak quldurları azərbaycanlıların yaşadıq­ları kəndlərə basqınlar edərək talanlar və qə­tillər törədirdilər. Sulikovun amansızlığına və qəddarlığına dözməyib onu qətlə yetirdilər. Onun qətlində Daşkənddən Məşədi Qasım və Hacı Rəhim, Aşıq Nəcəf iştirak etmişdilər. Bu səbəbdən də Göyçədə erməni talanların­dan ən çox zərər çəkən yurd yerlərindən biri Daşkənd oldu.

Azğınlaşmış ermənilər türk qanı­na susayaraq “1918-ci il yanvarın 24-də Göyçənin Çamırlı kəndinə basqın edən daşnak terrorçuları 10 sakini vəhşicəsinə qətlə yetirdilər. Bunu eşidən Məşədi Qa­sım həmkəndlilərindən ibarət dəstə ilə Çamırlıya köməyə gedir. Digər kəndlər­dən də köməyə gəlmiş silahlı dəstələr er­məni-daşnak terrorçularını geri oturdurlar. Ermənilərin Daşkəndə talançı basqın­ları mütəşəkkil xarakter alır. Ermənilərə qarşı kəndin igid sakinləri Məşədi Qasım, Kərbəlayi Zeynal (Rəsullular), Əliş, İdris (Qızılhacılılar), Qocaman oğlu Mədət, Hacı Rəhim, Koroğlu Məhəmməd, Vəli (Koralılar), Ziyad (Babakişilər), Nağı bəy, Tağı oğlu Məhərrəm, Hacı Dünyamalı oğlu Abbasəli və başqaları kəndin müdafiəsini təşkil etmişdilər. Ermənilər ciddi müqa­vimətlə rastlaşaraq geri çəkilməyə məcbur olmuşdular. 

Erməni-daşnak qüvvələrinin Daşkən­də vaxtaşırı hücumları barədə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı “Azərbay­can” qəzeti (3 fevral 1919-cu il) “İrəvan: Erməni-müsəlman məsələsi. yeni vicdansız təcavüzlər” məqaləsində yazmışdır ki, er­mənilər 1918 sənəsi may ayında müsəl­man kəndlərinə hücum etmişlər. Lakin müsəlmanlar erməni hücumlarının qarşısın­da dayana bilmiş, hətta, haylar beş-altı yüzə qədər tələfat vermişlər. Məqalədə deyilir: “Mən Qazaxlıyam. ...Daşkəndə qonaq get­mişdim. 750 nəfərdən ibarət erməni əsgərlə­ri 3 pulemyot, 2 topla NovoBəyazid qəzası kəndlərindən xərac toplamaq üçün müsəlman kəndlərinin üstünə gəlmişdilər. ... Sonra “Daşkənd» adlanan kənddən 280 min ma­natlıq ot, taxıl, neft... qarət etdilər. Bundan savayı, həmin kəndin sakini Məşədi Qasımın 120 baş qoyununu, 24 baş qaramalını, 50 araba otunu və 10 min manatlıq ev əşyalarını özləri ilə apardılar.

Digər tarixi sənəddə, İrəvan quberniyası Yenibəyazit qəzası Daşkənd kənd sakinləri Məşədi Qasım Hacı Kərim oğlu və Böyük Əli Hacı Mirzə Ələkbər oğlunun Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirinin adına 23 yanvar 1919-cu il tarixli xahiş­naməsində də erməni vandalizmi öz əksini tapmışdı:

“Erməni hökuməti qoşunlarla məmur qismində müsəlman kəndlərinin sakinləri­ni tamamilə talan etdi: – Zağalı, Daşkənd, Zod, Hüseynquluağalı, Sarıyaqub, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Aşağı Narçamor, Yeni Keti, Qayabaşı, Qoşabulaq, Ağkilsə, Zərzibil, İnəkdağı, Sultanəliqış­lağı, Oğruca, Böyük Məzrə, Bala Məzrə, Kəsəmən, Şişqaya, Sətənəxaç, Qızıl-Payka. Qoşunlar hər kənddə 5-6 gün qalırlar. Talan etdikdən sonra çıxıb başqa kəndə gedirlər.Aşağıdakı kəndləri tamamilə yandırmışlar: Örkülü, Alçalı, Kəminli, Yarpızlı, Qanlı, Kərkibaş, Çaxırlı, Kefli-Kürdü və Böyük Məzrə.”

1919-cu il aprelin 13-20-də daşnakların Göyçəyə növbəti basqısı zamanı 22 kənd yenidən dağıdıldı, 15 min əhali Cavanşir qəzasının dağlıq ərazilərinə qaçmaq məcbu­riyyətində qaldı. Dağlıq zolağın V sahəsinin müsəlman əhalisi üzrə müvəkkil İ.Sulta­novun bu faciə barədə verdiyi məlumatda (“Azərbaycan” qəzeti. 19 may 1919-cu il) dağıdılmış kəndlərin siyahısın-da birinci sı­rada yenə də Daşkəndin adı gəlir. 

Ermənilərin Daşkəndə qarşı budəfəki vəhşiliyi isə səbəbsiz deyildi. Aprel qırğın­larından əvvəl daşnaklar Zod yaxınlığında ciddi məğlubiyyətlə üzləşmişdilər və And­ranikin silahdaşı Sulikovun qətli mərasi­mində daşkəndli Aşıq Nəcəfin də olduğu barədə şayiələr erməniləri təbdən çıxarmışdı. Onlar Aşıq Nəcəfi hədəf seçmişdilər. Hiylə ilə danışığa dəvət edərək onu kürəyinə sa­movar bağlayaraq faciəli şəkildə qətlə yetirdilər. Aprel qırğınlarında artıq Aşıq Nəcəf sağ deyildi, o, faciəli surətdə qətlə yetirilsə də, bu da daşnakların ürəyini so­yutmamışdı. Onlar bu haqq aşığının nəsli­nin və Daşkənd əhalisinin qanına susamış,top və pulemyotla silahlanaraq yenidən kən­də hücum etmişdilər. Daşkəndlə Basarkeçər arasında, Qaraburunda və Səngər təpəsi de­yilən yerdə müdafiəçilər istehkam qurmuş­dular. Bir neçə saat ciddi müqaviməti görən ermənilər topdan atəş açırlar. Əhali kəndi tərk etməyə məcbur olur. Yurd-yuvasından didərgin düşən əhali Yelli dərə və Tərsə-Key­ti istiqamətində Kəlbəcərə üz tutur. Erməni təcavüzündən yayınan bir çox insanlar sərt şaxtada donub həlak olur. Erməni quldurları kəndə daxil olub evlərini tərk edə bilməyən qocaları, əlsiz-ayaqsız insanları qətlə yetirib talançılıq edirlər. 

Didərgin düşmüş əhali sovet hakimiyyə­ti qurulduqdan sonra yenidən yurd-yuvasına qayıdır.1922-ci ildə kəndə qayıdanların sayı 882 nəfər, yəni 1916-cı ildəki əhalinin 40 fa­izi həddində idi ki, bu da Daşkəndin 1919-cu ildə yaşadığı faciənin miqyasını tam mənada təsəvvür etməyə imkan verir.

Bolşevik Rusiyası Göyçə dairəsini Azər­baycandan qoparıb Ermənistana verdi. Keç­miş Göyçə mahalının yerində Hrazdan, Se­van, Martuni, Kamo, Vardenis (Basarkeçər) və Krasnoselski rayonları yaradıldı ki, onlar­dan yalnız sonuncu 2 rayonda türklər yenə də sayca əksəriyyət təşkil edirdilər.

1941-1945-ci illərdə faşist Almaniyasına qarşı müharibədə kəndin əhalisi çətinliklərə, məhrumiyyətlərə baxmayaraq cəbhəyə hər cür yardım göstərmişdi. Müharibədə iştirak edən Daşkənd sakinlərindən 122 nəfər həlak olmuşdu. 

Sovet hakimiyyəti illərində də Göyçə­də həyata keçirilən erməniyönlü siyasət, et­nik təmizləmə prosesi davam etdirilmişdir. 1947-ci il dekabrın 23-də İ.V.Stalin “Ermə­nistan SSR-dən kolxozçuların və digər əhali­nin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sove­tinin 4083 nömrəli qərarını imzaladı. Həmin qərara uyğun olaraq, əhalinin köçü mərhələ-mərhələ həyata keçirilməli idi.1953-cü il mayın 18-də əhalinin bir hissəsi Daşkənd­dən yük maşınları ilə Uluxanlı (Zəngibasar) stansiyasına gətirilmiş, oradan isə vaqonlarla Yevlax stansiyasına gətirilərək 130 ailə, 621 nəfər deportasiya olundu. Əhalinin istəyi ilə Bərdə ilə Tərtər arasında Çinarlıq deyilən yerdə Yeni Daşkənd kəndinin əsasını qoy­dular. Stalinin ölümündən sonra köç dayan­dırıldı. Əhalinin qalan hissəsi Daşkənddə qaldı və 17 ailə yenidən Daşkəndə qayıtdı. XX əsrin 60-80-ci illərində Daşkənddə 10 illik məktəb, univermaq, poçt, avtomat tele­fon stansiyası, mədəniyyət klubu, kino zalı, kitabxana, məişət evi, yeməkxana, dəyirman fəaliyyət göstərirdi. Burada traktor parkı və qaraj vardı. Kolxozun təsərrüfatına 60-dan çox avtomobil, traktor, kombayn ... daxil idi. Kolxozun əsas təyinatı maldarlıq və əkin­çilik idi. Maldarlıq və qoyunçuluq fermala­rında 20-dən çox qaramal naxırı və qoyun sürüsü bəslənirdi. Deportasiya zamanı kolxo­zun əmlakı və bütün əhalinin mal-qarası, şəxsi təsərrüfatı ermənilər tərəfindən talan edilmışdi.

Qərbi Azərbaycanın digər bölgələrində olduğu kimi Göyçədəki yurd adları ermə­niləşdirildi. 1969-cu ildə rayon mərkəzi Ba­sarkeçərin adı dəyişdirilərək Vardenis adlan­dırıldı. Daşkəndin adını dəyişib “Karaguğ” adlandırmaq təşəbbüsü Daşkənd kənd sove­tinin sədri Xasay Zeynalovun inadlı müqa­viməti ilə boşa çıxdı.

Bu qədim tarixi yurdun türklərin məskə­ni olduğu erməni mənbələrində öz təsdiqini tapmışdır. Erməni tarixçisi Z.Korkodya­nın “Sovet Ermənistanının əhalisi 100 ildə: 1831-1931” kitabında rəsmi mənbələrə is­tinadən verdiyi məlumata görə, Daşkəndin türk əhalisinin sayı 1873-cü ildə 560 nəfər, 1897-ci ildə 1004 nəfər, 1916-cı ildə 1954 nəfər olmuşdur. 

1987-ci ilin məlumatına görə, Daşkənd kəndində 458 ailə, 2343 nəfər əhali yaşayır­dı. Bədnam “Böyük Ermənistan” iddiasinda olan ermənilərin məkrli siyasəti nəicəsində Qərbi Azərbaycanın digər ərazilərində oldu­ğu kimi, Daşkəndin əhalisi zorakılıqla 1988-ci ilin noyabr-dekabr aylarında tamamilə de­portasiya edildi. Bundan sonra kəndə 2001-ci ildə 441 nəfər, 2008-ci ildə 471 nəfər, 2010-cu ildə 520 nəfər, 2011-ci ildə 597 nəfər erməni yerləşdirilmişdi. 

Daşkənd kəndinin sakinləri I və II Qa­rabağ müharibələrində fədakarlıqla iştirak etmişlər. Qocamanov Tofiq Əsədxan oğlu, Məhərrəmov Mehdi Əmirxan oğlu, Süley­manov Nurəddin Əmirxan oğlu, Zeynalov Nəbi Surxay oğlu, Canbaxışov Mahmud Surxay oğlu, Hümbətov Azad Arif oğlu fə­dakarlıqla vuruşaraq şəhidlik zirvəsinə ucal­mışlar.

Biz daşkəndlilər Azərbaycan Respubli­kasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu uzaqgörən siyasəti sayəsində öz doğma yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləyirik.

Nazim ZEYNALOV,
tarixçi, tədqiqatçı-publisist



Sosial həyat