Mir Möhsün Nəvvab (1833-1918) Şuşa şəhərində yaşayıb–yaratmış istedadlı şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas olub. Azərbaycan dilində yazdığı “Rəqəmlərin izahı” əsəri bütün Şərqdə bu qəbildən yaradılmış ən uğurlu risalələrdən sayılır. M.M.Nəvvab mütərəqqi fikirli ziyalı kimi doğma Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. Çoxlu şeirlər yazıb, özünün açdığı mətbəədə kitablar nəşr edib, dərs deyib, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş 20-dən artıq əsər yazıb. Bu gün oxuculara xalqımızın bu dəyərli, vətənpərvər ziyalısı ilə bağlı xatirələri təqdim edirik.
Musiqi ruhi məlhəmdir
Müasirləri yazırlar ki, Nəvvab musiqiyə qulaq asmağı, muğamatı dinləməyi çox sevərdi. Hətta xanəndənin təsirli səsindən bəzən gözləri yaşararmış. Dövrünün bütün xanəndələri ilə dost imiş. Mir Möhsün bu barədə söz düşəndə deyərdi:
– İnsanın musiqidən aldığı həzzi başqa heç şeylə əvəz etmək olmaz. Gör, nə günə qalmışıq ki, bizi dünyanın ən gözəl hissindən məhrum etməyə çalışırlar. Musiqidən nəinki insanlar, hətta quşlar da təsirlənir. Lazım olduqda, musiqi ilə müalicə də edirlər.
Nəvvab həmişə fəxrlə qeyd edirdi ki, onun xəstə könlünü daim ilhamlandıran, yaşadan məhz musiqidir. O, milli musiqimizin beşiyi olan Şuşada doğulduğu və bütün ömrü boyu burada yaşadığı üçün sonsuz qürur duyurdu.
Halallıq, gözütoxluq
Şuşada bir çoxları Nəvvabı kimyagər, öncəgörən, hər şeydən xəbəri olan bir şəxs hesab edirdilər. Bir gün dostları onu sınamaq üçün bir torba qızılı gətirib Nəvvabın yaşadığı evin damında gizlədirlər. Nəvvab bundan xəbər tutanda düzəltdiyi üstürlab vasitəsilə onun başı üstündə nəsə olduğunu “görür”. Əvvəlcə gözlərinə inanmır, ikinci dəfə baxır, təəccüblənir və dəhşətə gəlir.
Sonra şəhərin ən hörmətli şəxslərindən birini çağırıb deyir:
– Dələduzlar qızılı gətirib evimin damında gizlədiblər. İndi də mənə sataşırlar?
– Narahat olmayın, ağa, sizə sataşmaq yox, sizi sınamaq istəyiblər, – deyə həmin şəxs söyləyir.
Üzümlə müalicə
Nəvvab gənc yaşlarında qaraciyər xəstəliyinə tutulur. Çoxları onun tezliklə dünyasını dəyişəcəyini düşünürlər. Lakin Nəvab ruhdan düşmür, özünün hazırladığı müalicə üsulu sayəsində 85 il ömür sürür.
Nəvvabın qaraciyər xəstəliyinə qarşı müalicəsi çox sadə imiş: Birinci, özünün müəyyən etdiyi sərt rejimə əməl etmək, ikincisi, rejimdən kənara çıxmamaqla, il ərzində hər gün üzüm yemək.
Nəvvab ilin bütün fəsillərində üzüm yeməkdən ötrü otağın zirzəmisində əvvəldən kifayət qədər üzüm saxlayırmış.
Z.HÜSEYNLİ
XQ