O, dünyaya gələndə artıq sovet hökuməti qurulmuşdu. Nə bəy qalmışdı, nə də onun var-dövləti. Mehri rayonunun Aldərə kəndində Aslan bəyin yeganə övladı olub. Rəxşəndə tək olsa da, ərköyün olmayıb. Lap erkən yaşlarından əməyə alışıb, zəhmətə qatlaşıb.
Gözümü dünyaya Ələngəz dağının ətəklərində açmışam. Zəngəzur mahalı, o yerlərin təbiəti, havası, suyu bir başqa idi. Baldırğan, Turşsu, Selinti bulağının buz kimi soyuq suyundan içmişəm, yazın lap əvvəlində mal-qaranı, qoyun-quzunu götürüb Saqqarsu, Buxakar yaylaqlarına köçər, payızda yerə qırov düşəndə geri qayıdardıq, – deyə Rəxşəndə nənə Qərbi Azərbaycanın Mehri rayonunda keçən gənclik illərini xatırlayıb.
Kənddəki məktəbdə təhsil alıb. Tale elə gətirib ki, qonşu Tuğut kəndindən olan öz sinif yoldaşı Mahmud Talıbovla ailə həyatı qurub. Mahmud İkinci Dünya müharibəsinin iştirakçısı olub və cəbhədə çox ağır qəlpə yaraları alıb. Müharibədən qayıdandan sonra Rəxşəndə Əsgərova ilə ailə həyatı qurub. 1947-ci ildə ilk övladı Əşrəf, sonra qızları Həqiqət, Gülçöhrə, Sona və oğlu Əhməd dünyaya gəlib. Onlar otuz beş ildən atıq bir yerdə ömür sürüblər. 1981-ci ildə bu dünyadan gedəndə övladlarını Rəxşəndə xanıma tapşırıb. Rəxşəndə də bir ana kimi hamısının yükünü çəkib, qayğısına qalıb. Ötən əsrin 80-ci illərinin axırlarında soydaşlarımız Qərbi Azərbaycandakı öz ata-baba yurdlarını tərk etmək məcburiyyəti ilə üz-üzə qalanda onların da ailəsi Bakıya pənah gətirib.
Əsrin dizini qatlayan Rəxşəndə xanım indi Bakının Binəqədi rayonunda yaşayır. Həyat ona uzun ömür sürmək qismət etsə də, oğlu Əşrəfi, qızları Həqiqət və Gülçöhrəni əlindən alıb. İndi kiçik qızı Sonanın ailəsi ilə bir yerdə yaşayır.
Ömrünün 104-cü ilini yaşayan Rəxşəndə Əsgərova indi 12 nəvə, çoxlu nəticə sahibidir. “Nənə üçün ən böyük arzu nəvə toyunda, nəticə toyunda qol götürüb oynamaqdır, şükür ki, o da mənə qismət olub”, – deyir.
Rəxşəndə nənə uzun ömür sürmək üçün xüsusi bir resepti olmadığını deyir: “Mən uzun illər günəbaxan yağı nə olduğunu bilməmişəm. Təmiz inək yağı ilə xörək qazanı asmışıq, həmişə təzə südümüz, qatığımız olub, motal pendiri evimizdən əskik olmayıb. Tutdan bəkməz hazırlayar, irçal, doşab bişirərdik. Yoldaşım arıçı olduğundan təmiz baldan istifadə etmişik”.
Uzun illərdir ki, Rəxşəndə nənə oruc tutur, namaz qılır. “Həmişə əllərimi göyə açıb dua eləmişəm ki, ay Allah, sən bizim xalqımıza kömək ol. Yurdumuz, torpaqlarımız yağı əlində qalmasın. Bizi öz doğma el-obamızdan perik salanların cəzasını ver. Şükür ki, indi hər şey yerbəyer olub, torpağımız gavurların əlində qalmadı, ən böyük təsəllim budur”, – deyir.
O, fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkiləri günü 9 saylı Binəqədi ikinci seçki dairəsində səs verəcək. Ömrünün ixtiyar çağlarını yaşayan nənə indiyə qədər iştirak etdiyi seçkilərin sayını itirib. Yaddaşı yerindədir, görmə qabiliyyəti yaxşıdır, qulağı yaxşı eşidir. Amma ayaqları ağrıdığına görə birbaşa məntəqədə yox, evə gətirilən seçki qutusu vasitəsilə səs verəcək. “Kimə səs verəcəksən, Rəxşəndə nənə?” – deyə ondan soruşuruq: “Mən həmişə sülhə, əmin-amanlığa, haqqa, ədalətə səs vermişəm. Bu seçkilərdə də həmçinin. Qoy həmişə xalqımız aydın və təmiz səma altında yaşasın, müharibə, qan-qada, ölüm-itim bizlərdən uzaq olsun”, – deyir.
Nə deyəsən? Ana arzusuna, nənə alqışına qoşulmamaq olarmı? O da ola ölkəmizin ən uzunömürlü seçicilərindən biri Rəxşəndə Əsgərova...
Süleyman QARADAĞLI
XQ