Toxunma, göyərçin qəlbinə...

post-img

Bakının Dənizkənarı bulvarı çox gözəldir. Sakit, küləksiz havalarda daha da könülaçan olur. Belə günlərdən birində Xəzərdən əsən ilıq meh saçlarıma sığal çəkirdi… 

Dövlət Kukla Teatrının arxasın­dakı bağda oturacaqlardan birində əyləşib rəfiqəmi gözləyirdim. Birlik­də teatra gedəcəkdik. Nədənsə, o, gecikirdi, mən isə bulvardakı gözəl­liklərə heyranlıqla baxırdım. 

Birdən bir dəstə göyərçin mənə tərəf uçdu. Çaşıb qaldım, əvvəlcə elə bildim ki, quşların hücumuna məruz qalmışam. Amma göyərçin­lər başımın üstündən keçib yanaşı oturacaqda əyləşən ahıl kişini döv­rəyə aldılar.

Qoca əlindəki salafan paketdən çörək qırıntılarını çıxardıb quşları yemləməyə başladı. Göyərçinlər bir-birinə mane olmadan bu yemi sonadək dənlədilər. Mənzərə o qə­dər gözəl idi ki… 

Qoca arada yerini rahatlayıb bir ayağını o biri ayağının üstünə aşır­dı. Onun bu hərəkətindən göyər­çinlərdən bir-ikisi hürkdü. Kişi dər­hal ayaqlarını əvvəlki vəziyyətinə qaytardı və elə bil, nəfəsini də içinə çəkdi ki, təki quşlar diksinməyib onun payını rahat yesinlər. 

Birdən bizə tərəf qaça-qaça gələn rəfiqəm göyərçinlərin düz or­tasından keçib, mənə çatdı. Göyər­çinlər pərən-pərən oldu, qoca otur­duğu yerdən dik qalxıb bizə tərəf döndü və hər ikimizə qınayıcı bir qəzəblə baxdı. 

Rəfiqəmin məni qucaqlamaq üçün havada qalmış qolları arasın­dan qocaya yaxınlaşıb sakit tərzdə “bağışlayın” dedim. Qoca acı-acı gülümsündü və heç nə demədi…

Sonra geri qayıdıb rəfiqəmin qolundan tutub oradan uzaqlaşdım ki, qoca göyərçinləri rahat yemləyə bilsin. Rəfiqəm isə təəccüblə mənə baxırdı, göyərçinlərin o sevincli an­larına biganəliyin fərqində deyildi…

Ramilə QURBANLI
XQ

Sosial həyat