Dövlət himayəsi ildən-ilə yüksəlir

post-img

4-cü sosial paket də uğurla gerçəkləşdirilib

“Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla 2023-cü ildə say­ca 4-cü sosial paket həyata keçirilib. Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib”. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliy­yəti ilə bağlı XQ-yə bildirdi. 

O, fikirlərinin davamında minimum əməkhaqqı və pensiya məbləğlərinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının, müavinət və təqaüdlərin, həmçinin digər sosial ödənişlərin məb­ləğlərinin əhəmiyyətli dərəcədə artırıldı­ğını diqqətə çatdırdı: “Pensiya artımın­da vahid indeksasiya metoduna keçilib. Bütün pensiyalar 14,7 faiz indeksləşdi­rilərək artırılıb. Pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb. Ümumilik­də, ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib. Müavinət ödənişləri 24 faiz artırılaraq ümumilikdə, 491 min şəx­si əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb. Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub”.

A.Əliyev məşğulluq mərkəzləri tərə­findən 118 min 400 şəxsin işlə təmin edildiyini vurğuladı. Bildirdi ki, 17 min 400 nəfər özünüməşğulluq proqramına, 9 min 500 nəfər peşə hazırlığına, 282 min şəxs isə peşə yönümü məsləhəti xid­mətlərinə cəlb edilib. Əmək müqavilələ­rinin sayı 1,8 milyona çatıb, əməkhaqqı fondunda 15 faiz artım baş verib. Böyük Qayıdış Proqramı çərçivəsində işaldan azad edilmiş ərazilərdə geniş miqyaslı məşğulluq tədbirlərinə və sosial xidmət infrastrukturunun qurulmasına başlanıb. Artıq bu ərazilərə köçürülmüş 1100-dən çox şəxsin məşğulluğu təmin edilib, peşə hazırlığı proqramının icrasına başlanıb, Füzuli və Laçında əmək yarmarkaları keçirilib. Qanunvericiliyə edilmiş dəyişik­liklərə əsasən, həmin ərazilərdə işləyən mütəxəssislər üçün bir sıra güzəştlər müəyyən edilib.

9 şəhər və rayonu əhatə edərək 900 mindən çox şəxsə xidmət göstərən Qa­rabağ Regional DOST Mərkəzinin, həm­çinin Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin istifadəyə verildiyini, İsmayıl­lıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST Evi” filialının açılışı­nı qeyd edən nazir müavini daha sonra dedi: “Ötən il DOST mərkəzlərində 702 min şəxsə xidmət göstərilib, xidmətlər­dən məmnunluq səviyyəsi 98,1 faiz təşkil edib. Əlilliyi olan şəxslərə dəstək tədbir­ləri davam etdirilib. Ötən dövrdə 50 min 700 şəxsə əlillik təyinatı aparılıb, 87 min 700 şəxsə reabilitasiya xidməti göstə­rilib, 91 min 400 reabilitasiya vasitəsi təqdim edilib. Nazirliyin 13 sosial xid­mət müəssisəsi tərəfindən həssas əhali qruplarından olan 2 min 900-dək şəxsə sosial xidmət, 6 min 100 şəxsə səyyar sosial məişət xidməti göstərilib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzin­də 180-dən çox benefisiar 14 yaradıcılıq istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıq və qabiliyyətlərini inkişaf etdirib”.

Sonra A.Əliyev ölkənin sosial reyestri olan “e-sosial.az” portalı üzrə istifadəçilə­rin sayının 1,5 milyona çatdığını, hesabat dövründə portal vasitəsi ilə vətəndaşala­ra 8 milyondan çox xidmət göstərildiyi­ni dedi. Bildirdi ki, sosial ödənişlər üzrə 238 min proaktiv təyinat aparılıb, 220 min fərdi hesab açılıb, 400 mindən çox elektron arayış verilib. Ümumilikdə, na­zirlik üzrə elektron xidmətlərə 18 milyon müraciət qeydə alınıb. Həyata keçirilən sosial islahatlar beynəlxalq arenada da yüksək qiymətləndirilib, ötən il nazirlik 22 beynəlxalq mükafat və sertifikata layiq görülüb.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat