Ölkəmizin Olimpiya marafonu

post-img

Start ayını yaşadığımız və idman dünyasında XXXlll Yay Olimpiya Oyunları ilə əlamətdar olacaq 2024-cü ilin birinci yarısı artıq arxada qalıb. Beynəlxalq Olim­piya Komitəsinin (BOK) bayrağı altında birləşən 200-dən çox ölkə iyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris Olimpiadasına mümkün qədər çox lisenziya qazanmaq, ümumdünya idman bayramında geniş nümayəndə heyəti ilə təmsil olunmaq əzmindədir. Qarşıdakı yarım il olimpiya təsnifat yarışları və reytinq xa­rakterli turnirlərlə zəngindir. Kəsgin rəqabətdə milyonlarla idman pərəstişkarı çox maraqlı hadisələrin şahidi olacaq. 

Fransa paytaxtında keçiriləcək Olim­piya oyunları Azərbaycan idmançıları üçün ikiqat məsul startlara çevriləcək. 

Komandamızın dünya idmanının ən ali yarışlarında uğurlu çıxışları Azərbay­canda olimpiya hərəkatı rəhbərliyinin gərgin və məqsədyönlü fəaliyyətinin nə­ticəsidir. İdmançılarımız ən çox medalı 2016-cı il Olimpiadasında qazanmışlar. Həmin il əfsanəvi Pelenin vətəni Brazi­liyanın Bakı ilə qardaşlaşmış Rio-de-Ja­neyro (portuqal dilindən tərcüməsi “Yan­var çayı” deməkdir – O.B.) şəhərində təşkil edilən XXXI Olimpiya Oyunlarında Azərbaycan təmsilçilərinə birdən-birə 18 medal – 1qızıl, 7 gümüş və 10 bürünc mükafat təqdim olunmuşdu. Bizim üçün rekord göstərici idi!

Ölkəmizin idmançıları 2024-cü ili Olimpiadaya 9 vəsiqə ilə qarşılamışlar. Bu, böyük rəqəm deyil. Amma qarşıda­kı yarım ildə lisenziya xarakterli yarışlar çox olacaq. Deməli, təsnifat turnirlərin­dən sonra sınaq və şöhrət meydanı olan olimpiya startlarında ustalığı nümayiş et­dirmək imkanı verən vəsiqələrin sayının qat-qat artacağına inamımız böyükdür. Burada qeyd edək ki, güləşçilərin Avropa olimpiya təsnifat turniri aprelin birinci on­günlüyündə Bakıda keçiriləcəkdir. May­da isə bu növün nümayəndələri İstan­bulda dünya olimpiya təsnifat turnirində qarşılaşacaqlar. 

Azərbaycan idmanı nümayəndələ­rindən Olimpiadaya ilk 9 vəsiqəni güllə atıcısı Ruslan Lunyov, boksçular Murad Allahverdiyev (80 kq), Məhəmməd Ab­dullayev (+92 kq), yüngül atletikanın çə­kictullama növündə Anna Skidan, bədii gimnastikada Zöhrə Ağamirova, sərbəst üsulla güləşən Maqomedxan Maqome­dov (97 kq), yunan-Roma güləşi usta­ları Sənan Süleymanov (77 kq), Həsrət Cəfərov (67 kq) və taekvondoçu Qaşım Maqomedov (58 kq) qazanmışlar. 

Görək növbəti lisenziyalara nə vaxt, hansı növlərdə sevinəcəyik. Azərbayca­nın idman həvəskarlarının ən çox olim­piya vəsiqəsi gözlədikləri növlər ilk növ­bədə güləş, cüdo və boksdur. Bu növlər olimpiyaçılar komandamızın əsas silahı, mükəmməl zərbə qüvvəsidir. Ən yaxşı güləşçilərimiz, tatami və rinq ustalarımız olimpiadalarda fəxri kürsüyə yüksəlmə­yin yolunu daha yaxşı bilirlər. Səkkiz il əvvəl Rio Olimpiadasından vətənimizə 1 qızıl və 1 bürünc medal gətirmiş ta­ekvondoçular, eləcə də digər növlərin nümayəndələri də Fransa paytaxtının idman meydanlarında yarışıb, yüksək nəticələr göstərmək əzmindədirlər. Me­dallara yol isə ağır lisenziya sınaqların­dan keçir, əvvəlcə mümkün qədər çox olimpiya vəsiqəsi qazanmaq lazımdır…

Şahmat Olimpiya oyunları proqramı­na daxil deyil. Ancaq zəka sahiblərinin də öz olimpiadaları var. Bu il onlar üçün də çox ciddi imtahan ilidir. Payızın birinci ayında qrossmeysterlər 45-ci Ümumdün­ya Şahmat Olimpiadasının medalları uğ­runda mübarizə aparacaqlar. Sentyabrın 10-dan 23-dək Macarıstanın paytaxtı Bu­dapeştdə keçiriləcək bu yarışda, əlbəttə ki, Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət komandaları da iştirak edəcəklər. Qədim oyun pərəstişkarları­mız, həmişəki kimi, Olimpiada görüşlərini böyük maraqla gözləyir və ümidlə yaşa­yırlar desək, yəqin ki, səhv etmərik.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman