Otellonun ağ əlcəyi...

post-img

Tanınmış nasir-dramaturq, Əməkdar mədəniyyət xadimi Firuz Mustafa “Facebook”da görkəmli aktyor Ələsgər Ələkbərovun Otello rolunda çıxışı ilə bağlı maraqlı paylaşım edib. Orada yazılıb: 

“SSRİ Xalq artisti Ələsgər Ələkbərov Şekspirin “Otello” faciəsində baş rolun mahir ifaçılarından biri olub. Moskvadakı qastrol zamanı böyük aktyor həmin obrazı məharətlə oynayır. Amma birinci pərdədən sonra ona deyirlər ki, “sifətin qrimlənsə də əlinin qrimlənməsi unudulub”. Axı Otello zənci idi və təbii ki, zəncinin üzü kimi, əlinin rəngi də qaraşın olmalıdır. 

Aktyor iradla razılaşır. Doğrudan da, onun əlinə qara qrim çəkilməyibmiş. Amma o, təzədən səhnəyə çıxanda hamı görür ki, bu “rəng” məsələsi yenə əvvəlki səhnədə olduğu kimi qalmaqdadır. Yəni Otellonun sifəti kömür kimi qapqara, əlləri isə pambıq kimi dümagdır. Bu, rejissorun və bir çox tamaşaçıların diqqətindən yayınmır. 

Amma əsərin finalına yaxın Otello, yəni Ələsgər Ələkbərov nümayişkaranə şəkildə əlindəki ağ əlcəyi çıxarıb kənara atır və əlcəyin içindən çıxan qapqara zənci əlləri görünür. Bu, hamını təəccübləndirir. 

Sən demə, böyük aktyor fasilə zamanı əlinə qara qrim çəkdirib, üstündən də ağ əlcək geyinib ki, hər şey daha təbii və inandırıcı alınsın”.  

Təqdim etdi:  
M.HACIXANLI  
XQ

 

Sosial həyat